Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 19:33
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi ekoloji cəhətdən təmiz şəhər infrastrukturu investisiyalarının birgə maliyyələşdirilməsi üçün 2 milyon dollar məbləğində vəsaitin ayrılmasını öhdəsinə götürüb.
Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) Trend-ə verilən məlumata görə, bu gün AYİB-in Londonda keçirdiyi Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Hahn qarşısında AYİB-in prezidenti Suma Çakrabarti ilə Azərbaycanın baş naziri Əli Əsədov arasında vəsaitin ayrılması üçün müvafiq saziş imzalanıb.
Azərbaycanda yaşıl şəhər infrastrukturu investisiyaları ölkənin Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) təşəbbüsündə iştirakı sayəsində lazımı irəliləyişə nail olmaq üçün edilir.
Azərbaycanın 2 milyon dollar məbləğində ilk E5P töhfəsi onu göstərir ki, indi ölkə E5P-nin fəaliyyət göstərdiyi Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus kimi ölkələrə qoşularaq, şəhər infrastrukturu sektorunda enerji səmərəliliyi və ətraf mühit üzrə layihələr üçün qrant maliyyələşməsi almağa hüquqlu olacaq.
E5P 2009-cu ildə Avropa İttifaqına (Aİ) İsveçin başçılıq etdiyi dövrdə yaradılmış 206 milyon AVRO-luq multidonor fondudur. E5P layihələri təkcə enerjiyə qənaət etmək və ətraf mühiti qorumaq üçün çalışmır, həm də şəhər bələdiyyələri tərəfindən edilən səmərəli enerji təşəbbüsləri üçün effektiv investisiyalara dəstək təmin edən islahatlara kömək etmək məqsədilə siyasətlər barədə dialoqu diqqət mərkəzində saxlayır.
E5P Fondu özündə ən böyük donor olan Aİ, benefisiar ölkələr və digərləri, o cümlədən Ermənistan, Belarus, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Slovakiya Respublikası, İsveç, İsveçrə, Tayvan Biznes – AYİB-in Texniki Əməkdaşlıq Fondu, Ukrayna və Amerika Birləşmiş Ştatları tərəfindən ayrılan vəsaitləri cəmləşdirir.
Fond AYİB, AİB, Dünya Bank Qrupu, Şimali Ekoloji Maliyyə Korporasiyası və Şimali İnvestisiya Bankı kimi beynəlxalq maliyyə institutlarının həyata keçirdiyi şəhər infrastrukturu sektorundakı layihələr üçün birgə maliyyələşdirmə qrantlarını təmin edir.
Bu günə qədər E5P beş ölkədə 741 milyon AVRO dəyərə malik 36 layihəyə sərmayə qoymaqla enerji xərclərinə 1,700 GVt/saat qənaət etmiş və ildə 1 milyon ton CO2 emissiyası azalmasına nail olmuşdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin