Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2024 15:04
"Atama demişdilər ki, müharibəyə yararsızdır, səhhətinə görə Bakıda qalmalıdır. Ancaq o bununla razılaşmayıb, canını yox, vətənini seçib".
Sonxeber.net bildirir ki, bunu Azvision.az-a açıqlamasında "İgid əsgər, möhkəm dayan" mahnısının həsr olunduğu Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva deyib. O bildirib ki, atasının anım günündə onun adını daşıyan 44 nömrəli məktəbə gedib və qəhrəmana həsr olunmuş tədbirdə iştirak edib:
"Sağ olsunlar, onun adını daşıyan məktəb hər il atamı yad edir. Döyüş yoldaşları da bizi tək qoymurlar. "İgid əsgər, möhkəm dayan" mahnısının ifaçısı Şəmistan Əlizamanlı ilə tez-tez əlaqə saxlayıram, Qarabağ qazisi Rey Kərimoğlu da bizi unutmur.
Lakin bir müddət keçdikdən sonra onun səhhəti pisləşib. Yerləşdirildiyi xəstəxanada hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə eyni otaqda müalicə alıb. Onları müalicə edən həkim Şahin Musaoğlu bir gün yaxınlaşaraq deyib ki, vətənpərvərlik mövzusunda bir mahnı yazıb. Mahnı barədə qısa söhbətdən sonra Mirzəyev həmin mahnının sözlərini çox bəyəndiyini bildirib. Və Şəmistana bu mahnını oxumasını xahiş edib. Ş. Əlizamanlı isə mahnını mütləq oxuyacağını və ona həsr edəcəyinə söz verib. Yusif Mirzəyev tam sağalmamış yenidən cəbhəyə qayıtmaq istədiyini bildirib. Səhhətinin ağır olduğu deyilsə də, o: "Bilirəm, canım əldən gedir, ancaq vətən də əldən gedir", - deyərək yenidən cəbhəyə qayıdıb.
1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən özü şəhid olub. Həmin ilin martında Yusif Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Şəmistan Əlizamanlı isə söz verdiyi "İgid əsgər, möhkəm dayan" mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edib.