Tarix: 27 Noyabr 2019 11:36
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Yuventus”a uduzan (0:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazanmaq işini çətinə salıb.
Qol.az xəbər verir ki, qrupda 7 xalla 2-ci olan Madrid klubunun növbəti turda büdrəməsi turnirlə vidalaşmağına səbəb ola bilər.
6 xalla qrup üçüncüsü olan “Bayer” son turda “Yuventus”a qalib gəlsə və “Atletiko” Moskva “Lokomotiv”i ilə görüşdə xal itirsə, madridlilər ÇL-də mübarizəni başa vuracaq.
Bununla bağlı yazan İspaniya mətbuatı 2017-18 mövsümündə “Qarabağ”ın “Atletiko”ya yaşatdıqlarını xatırladıb: “Turindəki məğlubiyyət o deməkdir ki, “Atletiko”un qrupdan çıxması çətinləşib. Komandanın növbəti tur “Lokomotiv”lə oyunda büdrəməsi Çempionlar Liqası ilə vidalaşmağına səbəb ola bilər. Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”.
Xatırladaq ki, 2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən "Atletiko" qrupda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşmışdı.