Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 09:44
Parisdə Olimpiya Oyunlarının açılışı ərəfəsində evsiz insanlar Fransa paytaxtının küçələrinə çıxaraq şəhərdə davam edən mənzil böhranının həllini tələb ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onlarla nümayişçi şəhər meriyasının pəncərələri önündə əllərində lövhələr tutub, şüarlar səsləndirib və nağara çalıb.
Nümayişçilərin əsas tələbi küçələrdə yaşamağa məcbur olanların şəraitinin yaxşılaşdırılmasıdır. Lakin etiraz aksiyası üçün seçilən vaxt Fransa hakimiyyəti üçün o qədər də uyğun deyil.
Cümə günü Sena çayının sahilində dünyanın hər yerindən yüzlərlə idmançının iştirak edəcəyi Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Lakin bu hazırlıq ilk günlərdən sözün əsl mənasında, müxtəlif etirazlarla yadda qalıb.
Xatırladaq ki, Fransadakı evsizlərin demək olar ki, yarısı (44%) Parisdə yaşayır və rəsmi hesablamalara görə, onların ümumi sayı təxminən 150 min nəfər təşkil edir. Olimpiadaya qədər son 13 ayda 12545-dən çox evsiz, qaçqın və eskort işçisi şəhərdən köçürülüb.