Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 11:27
Gündən-günə genişlənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Qırğızıstan əlaqələri tarixən dostluq şəraitində yaşamış və bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən, bir-birinə bəslədiyi qarşılıqlı hörmətdən güc alır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarova bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı vurğulayıb ki, Sadır Japarovun rəhbərliyi ilə icra olunan irimiqyaslı proqramlar və layihələr qardaş Qırğızıstanın hərtərəfli inkişafına, qırğız xalqının sosial-iqtisadi tərəqqisinə və rifahına xidmət edir.
"Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində birgə səylərimizlə inkişaf edərək yeni mərhələyə qədəm qoyması məmnunluq doğurur. Şübhəsiz, qarşılıqlı səfərlərimiz və mütəmadi görüşlərimiz bunun üçün yaxşı şərait yaratmışdır", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev deyib: "Əminəm ki, qardaş xalqlarımızın rifahı naminə birgə səylərimizlə mövcud tərəfdaşlıq potensialının reallaşdırılmasına, ənənəvi dostluq əlaqələrimizin və səmərəli işbirliyimizin daha da genişlənməsinə nail olacağıq".
Azərbaycan Prezidenti, həmçinin qırğız həmkarının iyulun əvvəlində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfərini və apardıqları müzakirələri yüksək qiymətləndirib.