Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2019 08:33
Bakı. Anastasiya Savçenko - Trend:
Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci mərhələsinin açılması Azərbaycan üçün vacib hadisədir, çünki boru kəmərinin 16 milyard kubmetr buraxılış gücünün olması ölkə üçün kommersiya mənfəəti deməkdir.
Bunu Trend-ə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva deyib.
O qeyd edib ki, bu hadisə TANAP konsorsiumunun cədvələ uyğun işlədiyini göstərir və belə qənaətə gəlmək olar ki, boru kəməri Azərbaycandan qazı Türkiyəyə, eləcə də Avropa ölkələrinə vaxtında çatdıracaq:
“Ötən ilin iyunundan qaz artıq Türkiyə bazarına, Əskişəhərə nəql olunur”.
Onun sözlərinə görə, TANAP-ı “Cənub Qaz Dəhlizi”nin seqmenti qismində nəzərdən keçirmək lazımdır:
“Trans-Adriatik qaz kəmərinə (TAP) gəldikdə isə müqaviləyə əsasən, bu boru kəməri 2020-ci ilin oktyabrınadək işə başlayacaq”.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin