Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə serialında mahnımız oxundu: qonorar ödənilibmi? – Müəllifin qızı danışdı

Türkiyə serialında mahnımız oxundu: qonorar ödənilibmi? – Müəllifin qızı danışdı

Tarix: 25 Sentyabr 2024 08:40

Türkiyənin "Quruluş Osman" serialının yeni sezonunun ilk bölümlərindən bir kadr yayımlanıb. Videoda hadisələr Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın "Yaşa mənim xalqım" mahnısının sədaları altında cərəyan edir.

Mahnının musiqisi Rauf Məmmədova, sözləri Zivər Ağayevaya məxsusdur. Maraqlıdır, "Quruluş Osman" serialını çəkən şirkət bu mahnıya görə müəlliflərə, onların ailə üzvlərinə qonorar ödəyibmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan şair Zivər Ağayevanın qızı Yeganə Zamanova bu addımı xoş qarşıladığını bildirib.

O, heç bir qonorar almadıqlarını deyib:

"Anam artıq 10 ilə yaxındır vəfat edib. Bu günə qədər bir dəfə də ağlımıza gəlməyib ki, anama məxsus olan mahnıların ifalarına görə kimdənsə pul alaq. Əksinə, anamın mahnılarının səsləndirilməsi məni çox sevindirir. Bəzən əsəbləşirəm ki, efirlərdə çıxıb onun ifalarını səsləndirirlər, özləri üçün pul qazanırlar, amma bir dəfə şairin adını çəkmirlər. Adı çəkilsin, qonorar önəmli deyil. "Quruluş Osman" isə dövlət səviyyəsində olan bir işdir. Yəqin ki, icazə ilə bağlı müraciət olunar".

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib ki, ifadan istifadə etmək icazə ilə olmalıdır:

"Əgər filmin produseri ölkəyə müraciət edərək icazəsini alırsa, o zaman heç bir problem yoxdur və ölkə şikayət etmir. Yox, özbaşına istifadə edibsə, şikayət olunur. Bir də baxır mahnı haradan götürülüb. Bir dəfə mənim də başıma gəlib belə hal. Musiqimi istifadə edən adam heç bilməyib ki, bu əsərin müəllifi var. Elə bilib, ara musiqiləridir və hər kəs istifadə edir. "Quruluş Osman" serialı Türkiyənin dövlət kanalında yayımlanırsa, deməli, "Yaşa mənim xalqım" mahnısının icazəsi alınıb. Alınmayıbsa, alınmalıdır".

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

C.Quliyevin sözlərinə görə, qonorar razılaşmaya bağlı məsələdir:

"Bir adam musiqidən istifadə etmək istəyirsə, mütləq müəllifi və ya müəllif hüquqlarını qoruyan agentliyi tapır, müqavilə bağlayırlar. Əlbəttə, ödəniş edə də bilərlər, etməyə də. Bu, danışıqdan və razılaşmadan asılıdır".

Xalq artisti Rasim Balayev deyib ki, icazə ilə bağlı aidiyyəti şəxslərə müraciət edilməlidir:

"Bilirsiniz, əgər başqa bir ölkənin bəstəsinə, mahnısına müraciət edilirsə, mütləq icazə alınmalı və qonorar ödənilməlidir. Sağdırsa, bəstəkarın, şairin özünə, həyatda yoxdursa, ailəsinə ödəniş edilməlidir. Bəzən olur ki, mahnılarımızı ifa edirlər, amma kimə aid olduğunu yazmırlar. Sadəcə, "anonim" yazmaqla kifayətlənirlər. Bu da ondan irəli gəlir ki, müəllif bəlli deyilsə, ödəniş edilməsin".

Xalq artisti Afaq Bəşirqızı da mütləq icazə alınmalı və qonorar ödənilməli olduğunu qeyd edib:

"Quruluş Osman" serialında bizim mahnımızın ifa edilməsi reklam xarakterli də ola bilər. Ola bilməz ki, razılaşdırılmadan ifa edilsin. Lakin bir ölkə başqa ölkənin musiqisinə müraciət edirsə, mütləq icazə də alır, danışıq əsasında ödəniş də edir".


Etiketlər:  Türkiyə serialında mahnımız oxundu qonorar ödənilibmi Müəllifin qızı danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ