Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 20:30
Xalq arasında uzaqgörənlik kimi tanınan miyopiya göz sağlamlığı üçün ən böyük təhlükədir. Xəstəliyin tezliyi bütün dünyada həyəcanverici sürətlə artmağa davam edir. Təəssüflər olsun ki, xəstəlik uşaq və gənclər arasında daha çox yayılır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, 2050-ci ilə qədər dünyanın yarısı eynəyə ehtiyac duyacaq və bu, qlobal görmə epidemiyasına səbəb olacaq.
Bu xəbərdarlıqdan sonra Çinin Sun Yat-Sen Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaq görmə səviyyələri yoxlanılıb.
Tədqiqat nəticəsində məlum olub ki, hər 3 uşaqdan ən az biri miyopdur. Bu nisbətin zamanla artacağını gözlədiklərini ifadə edən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miyopiya ola biləcəyi qənaətinə gəliblər. 1990-2023-cü illər arasında miyopiya 3 dəfə artaraq 36 faizə çatıb.
Bəs Azərbaycanda bu xəstəliklə bağlı vəziyyət nə yerdədir?
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı uşaq göz həkimi, oftalmoloq-cərrah Lalə Həsənova Publika.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanda miyopiya xəstəliyi ilə bağlı vəziyyət olduqca acınacalıqdır:
"Miyop xəstəliyi cavanlaşan xəstəliklər sırasındadır. Bu xəstəliyi artıq 2-3 yaşlı uşaqlarda da görürük. Bunun əsas iki səbəbi var. Birincisi, genetikadır. Digəri isə telefonlardır. Bununla bağlı hazırda müəllim, valideynlərlə bağça və məktəblərdə danışıqlar aparılır. Uşaqlarda parta quruluşu düzgün olmalıdır ki, işıq düzgün düşsün. Əlavə olaraq 2 yaşa qədər olan uşaqlar qətiyyən telefondan istifadə etməməlidir. Ümumiyyətlə uşağın həyatında ekran olmamalıdır. Ekran dediyimiz telefon, planşet və televizorlardır".
Həkim diqqətə çatdırıb ki, bağça yaşında uşaqlar gün içində 2 saat ekrana baxa bilərlər:
"Son zamanlar vaxtından əvvəl doğulan uşaqların sayı artıb. Həmin uşaqların göz inkişafı fərqli olduğundan göz problemləri daha çoxdur. Bu da xəstəliyin inkişafına yol açan başqa səbəbdir. Ümumiyyətlə gün ərzində yanıma gələn ortalama 10 uşaqdan 5-6-sının gözü zəifdir. Uşaqlar arasında eynəyə tələbat olduqca çoxdur. Bu çox ciddi problemdir. Qarşısı alınmalıdır".