Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kaş ki, atam bugünkü oyunu görərdi” - Vaqif Cavadov

“Kaş ki, atam bugünkü oyunu görərdi” - Vaqif Cavadov

Tarix: 8 Dekabr 2024 23:48

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. 

Sonxeber.net xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Bilirsiniz ki, komandanı yeni götürmüşəm, amma "Neftçi" hər zaman "Neftçi"dir. Bu rəqibə qarşı oynamaq hər bir futbolçuya zövq verir. Həm oyunçunun qiyməti, həm də karyerası üçün önəmlidir. Futbolçular bunu dərk edirdilər. Onlara təşəkkür edirəm. 90 dəqiqə ərzində komandamız sübut etdi ki, rəqibdən zəif deyilik. Futbolçularım üçün bu qalibiyyət irəliyə doğru addım olacaq. Deməli,  komandamız futbol oynaya bilir, futbolçuların potensialı üst səviyyədədir. İnşallah, bu qələbə bizi ancaq irəliyə doğru aparacaq. Hansısa eyforiyadan söz gedə bilməz. Hər oyuna maksimum hazırlaşacağıq ki, "Sumqayıt" üçün yaxşı nəticə ilə sonlansın".

Mütəxəssis "Samir Abasov bildirdi ki, "Sumqayıt"ı tərk etdikdən sonra ciddi dəyişikliklər baş verməyib. Bu haqda nə düşünürsünüz?" sualına belə cavab verib: "Samir müəllimin dediyinə özünüz cavab versəniz, daha yaxşı olar. Mənim bu haqda danışmağım doğru olmaz".

V.Cavadov qələbəni mərhum atası Füzuli Cavadova həsr etdiyini bildirib: "Ailə olaraq "Neftçi"liyik. Kaş ki, atam bugünkü oyunu görərdi. İnanıram ki, karyeram ərzində necə yanımda olubsa, indiki uğuruma da çox sevinərdi. Baxmaraq ki, "Neftçi"li olub. Onun olmaması mənim üçün çətindir. Bugünkü "Neftçi" üzərində qələbəni də atama həsr edirəm. Çünki onun mənim üzərimdə əməyi çox böyük olub".

O, "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasovun komandasına qarşı oynamaqlarının motivasiyaya təsir etmədiyini qeyd edib: "Bu gün hansısa simaya qarşı yox, "Neftçi"yə qarşı oynayırdıq. Yaxşı komandaya qarşı mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Nə mənim, nə oyunçularımın kimisə qarşı artıq motivasiya ilə oynamaqda rolu olmayıb. Sadəcə bilirdik ki, yaxşı rəqibə qarşı oynayırıq. Hər bir futbolçu sübut etdi ki, heç kimdən zəif deyilik və bu heyətlə də futbol oynamaq olar. Baş məşqçi ilə bağlı heç bir motivasiya ola bilməzdi. Bütün oyunlara necə hazırlaşmışdıqsa, bugünkü matça da eyni motivasiya ilə çıxmışdıq. Sadəcə "Neftçi" həmişə "Neftçi"dir. Fərqi yoxdur hansı pillədədir. Onun adı hər zaman üstündədir. Ona görə onlara uğurlar arzulayıram. Bu klubu tez bir zamanda yuxarı pillələrdə görmək istəyərdim".

Mütəxəssis "Neftçi"yə qarşı oyuna xüsusi bir taktika ilə çıxmadıqlarını deyib: "Zirə", "Şamaxı" və "Neftçi"yə qarşı oynadığımız demək olar ki, eynidir. Sadəcə bu gün daha çox istək var idi. Bu istəyə görə də Allah bizə qələbəni bəxş etdi".

V. Cavadov qış transfer pəncərəsi haqda danışıb: "Bu barədə düşünmürük. Əlbəttə ki, köməkçilərim bu haqda məlunat toplayırlar. Biz hər oyun maksimum nəticə üçün oynayırıq. Qışda fasilə olacaq. Digər futbolçular haqda düşünməyə vaxtımız yaranacaq. Bugünkü gündə heyətimdə hansı futbolçular varsa, çalışacağam ki, işimi onlarla davam etdirim".

O, klub prezidenti olsaydınız, 8 oyundan 5 qələbə qazanan baş məşqçinin müvəqqəti statusunu götürüb, daimi müqavilə bağlayardınız?" sualına cavabında deyib: "Bu mənə aid olan sual deyil. Məşqçi olaraq "Sumqayıt"ın yetirməsiyəm. Akademiyadan A komandasına qədər yüksəlmişəm. Çox sağ olsun rəhbərlik, mənə inanıb baş məşqçi vəzifəsini etibar etdi. Sabah desələr ki, bugünkü işə görə təşəkkür edirik, amma başqa məşqçi istəyirik, bu, onların istəyi olacaq. Ya əvəzedici heyətə dönəcəyəm, ya da baş məşqçi kimi işimə davam edəcəyəm". /qol.az


Etiketlər:  Kaş atam bugünkü oyunu görərdi Vaqif Cavadov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ