Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 13:56
“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Qol.az-a müsahibə verib. Komandasının çıxışını dəyərləndirən futbolçu digər məqamlara da toxunub.
- Mövsümün çox hissəsini lider kimi keçirdiniz. Amma ardıcıl xal itkilərindən sonra birinciliyi, ötən turda isə çempionluğu əldən verdiniz. Təcrübəli futbolçu kimi qarşıya qoyulan hədəfə çata bilməməyinizin səbəbini nədə görürsünüz?
- Tək axırıncı oyunlar yox, ümumiyyətlə, qışdan sonra bizdə problemler başladı. Çox xallar itirdik. Əsas səbəb budur. Amma deyə bilmərəm ki, asan oyunlarda arxayınlaşdıq. Çünki mövsümün ilk hissəsində necə oynayırdıqsa, ikinci yarıda da o cür davam etdik. Sadəcə, fasilədən sonra bəzi matçlarda yaxşı imkanlar yaradıb, fərqlənə bilmirdik, uşaq səhvlərindən qollar buraxırdıq. Ona görə də çempionluq əldən getdi.
- 26-cı turda evdə “Sumqayıt”a məğlubiyyətdən sonra “Qarabağ”la xal fərqi 5-ə yüksəldi. Həmin matçdan sonra çempion olacağınıza ümidiniz qalırdı, yoxsa artıq hər şeyin bitdiyini özünüz də dərk edirdiniz?
- Xeyr, “Sumqayıt”a uduzandan sonra “Qarabağ”ın xal itirəcəyini, üstünlüyü əldən verəcəyini gözləmirdim. Çünki son turda “Səbail”də bir çox futbolçu oynamırdı. “Qarabağ”ın xal itirəcəyi inandırıcı görünmürdü. Buna baxmayaraq, biz “Qəbələ” ilə səfər matçında öz oyunumuzu oynamalı və qalib gəlməliydik.
- Son turda “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Səbail” oyunları eyni saatda başladı. Matçın gedişində Bakıda görüşün nəticəsindən xəbəriniz var idi, yoxsa final fitindən sonra əsas rəqibinizin çempion olduğunu bildiniz?
- Fasilədə eşitdim ki, ilk hissədən sonra hesab 2:0 “Qarabağ”ın xeyirinədir. Amma mənə heç bir təsiri olmadı. Onsuz bilirdim ki, fürsəti əldən buraxan deyillər. Bu şansı biz özümüz onlara verdik. Bakıdakı görüşün nəticəsindən asılı olmayaraq, “Qəbələ” ilə sona kimi oynamaq və qələbə qazanmaq lazım idi.
- Qəbələdəki oyundan sonra rəhbərlik komanda ilə görüşüb, hər hansı irad bildirdimi?
- Yox, hələ ki, rəhbərliklər heç bir söhbət olmayıb. Ona görə də nəsə deyə bilmərəm.
- “Neftçi”nin çempionluğu əldən verməsində daha çox baş məşqçi Roberto Bordin günahlandırılır. Necə düşünürsünüz, bu işdə təkcə italiyalı mütəxəssismi günahkardır?
- Tək məşqçini günahlandırmaq olmaz. Çünki biz özümüz də oyunlarda xeyli uşaq səhvləri etmişik. Hər şeyi sırf taktika ilə bağlamaq, bütün məsuliyyəti məşqçinin üstünə atmaq olmaz. Çempionluğun itirilməsində rəhbərlik, məşqçilər korpusu, futbolçular, bir sözlə, hamımız günahkarıq. Udanda da, uduzanda da hamı bir yerdə olmalıdır.
- Son turda “Qarabağ”la qarşılaşacaqsınız. Digər ölkələrdə adətən belə hallarda çempion komanda üçün meydanda “çempionluq dəhlizi” hazırlanır. Sizin belə bir fikriniz varmı?
- Açığı, bu barədə düşünməmişdim. Sizin sualınızdan sonra yadıma düşdü ki, belə bir şey var. Qarşıda hələ 2 gün var, fikirləşərəm.
- “Qarabağ”la aranızdakı son oyun heç nəyi dəyişməyəcək. Artıq bütün medalçılar bəllidir. Bəs çempionla matçda prinsipiallıq necə, gözlənilirmi?
- “Qarabağ”la oyunda qələbə qazanmaq lazımdır. Meydana yalnız bunun üçün çıxacağıq. Çempionluq əldən getsə də, udmalıyıq.
- Ruslan Abışovun zədələnməsindən sonra kapitanlıq sarğısını siz daşımağa başladınız. “Neftçi” iddialı klubdur. Azarkeşləri isə çox tələbkardır. Belə bir komandanın kapitanı olmaq çətin deyil?
- Xeyr, çətin deyil, məsuliyyətlidir. Elə bir çətinlik çəkmirəm. Sarğı qolumda olmayanda necə oynayırdımsa, indi də elədir.
- “Neftçi” ilə müqaviləniz nə vaxt başa çatacaq?
- Hələ 1 illik müqaviləm var. Hələ ki, heç nə fikirləşmirəm. Mövsüm başa çatsın, sonra danışarıq.
Elnur SALAHOV