Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Mərkəzində ''Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

Heydər Əliyev Mərkəzində ''Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub

Tarix: 1 Aprel 2025 20:06

Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur.

Sonxeber.net bildirir ki, italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan "Qəlbim sənindir" (My heart is yours) əsərinin bu gün təqdimatı olub. Əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir. 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib. 
A.Ələkbərov keçən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin "Təbiətdə tarazlıq" sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, L.Kuinnə, sərginin kuratoruna və sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən "365 Art" şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir" əsərinin yekun formasının alınmasında əsərin müəllifinin keçdiyi yolun kifayət qədər uzun olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, hər hansı bir büllurun formaya gətirilməsi üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və o, əsər üçün istifadə olunub. 

Sərginin müəllifi Lorenso Kuinn "Qəlbim sənindir" əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib. O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayıb. "Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində onlar heç vaxt ayrılmırlar. Bir haldaki insanlar arasında birləşmə var, o artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan "Qəlbim sənindir" əsəri isə, daima davam edən münasibətlərin uzun ömrünə dəlalət edir", - deyə L.Kuinn diqqətə çatdırıb.

Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatə edib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib. 

Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq" fərdi sərgisi davam edir. "Qəlbim sənindir" kompozisiyası da bu sərginin ardı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.


Etiketlər:  Heydər Əliyev Mərkəzində Qəlbim sənindir nadir incəsənət kompozisiyasının təqdimatı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ