Tarix: 18 Dekabr 2019 13:06
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib.
- Artıq Premyer Liqamızda qış fasiləsidir. Komandanızın ilk iki dövrədəki çıxışlarını necə qiymətləndirirsiniz?- Komanda üçün 2 fərqli dövrə alındı. İlk dövrəni müsbət dəyərləndirmək olar, amma ikinci dövrədə eniş yaşanacağını gözləyirdim. Bunun da müəyyən səbəbləri var. Bildiyiniz kimi, klubun maddi durumunda eniş yaşanıb. Əlimizdə olan futbolçuları da saxlaya bilmirik. Keçən il ümumilikdə komandadan hardasa 15-ə yaxın oyunçu gedib. Bu da təbiidir.
- Qış fasiləsindən sonra sonuncu pillədən yaxa qurtarmaq mümkün olacaq?- “Qarabağ”dan başqa digər komandaların gücü aşağı-yuxarı yaxındır. Mübarizə aparacağıq və çalışacağıq ki, mübarizədən kənarda qalmayaq.
- Mətbuatda Elvin Yunuszadənin komandadan ayrılacağı xəbərləri yayılıb. Nə dərəcədə doğrudur?
- Hazırda ad açıqlaya bilmərəm. Çünki hələ qarşıda 1 oyunumuz var. İstəmərəm ki, qeyri-peşəkar açıqlama olsun. Ona görə də gözləmək məsləhətdir.
- “Səbail” qış fasiləsində heyətdə hansı dəyişikliklər etməyi planlaşdırır?- Hazırda bu barədə rəhbərliklə danışıq gedir. Çox istərdim ki, heyətimizi gücləndirək, yeni oyunçular cəlb edə bilək, ancaq mövcud vəziyyətimiz buna imkan vermir. Dəyişiklik olacaqsa, bu barədə xəbərdarlıq ediləcək.
- Komandadan göndriləcək futbolçuları müəyyənləşdirmisiniz?- İki futbolçu var. Amma onların adlarını rəsmi olaraq kubokun cavab oyunundan sonra açıqlaya bilərik. Digərləri haqqında hələ fikir söyləyə bilmərəm.
-
Hücumçunuz Ağabala Ramazanovun Moldova “Şerif”inə keçəcəyi ilə bağlı xəbərlər gündəmdədir. Fikrinizcə, fasilədə Ağabalanın “Şerif” və ya digər Avropa klubuna keçidi reallaşacaq? - Mətbuatda gedən bu xəbərlər barədə məlumatlıyam. Ağabala ilə danışmışam. Hazırda rəsmi olaraq heç bir təklif almayıb. Onun mövcud vəziyyətdə klubdan getmək fikri yoxdur. Klubla müqaviləsi var və müqavilə sona çatana qədər komandada qalmağı düşünür. Ancaq daha yaxşı və güclü çempionatdan təklif gələrsə, bu barədə hansısa bir fikir bildirmək olar.
- Kubok oyunlarına hazırlıq necə gedir?- “Zirə” ilə artıq ardıcıl 2 ağır oyun keçirmişik. Həqiqətən də “Zirə”nin keyfiyyətli komandası var. Heyətində oyunun taleyini həll edə biləcək güclü legionerlər mövcuddur. Kubokun taleyini cavab oyununa saxlamağımız bizə çox ümid verir. Nəticə nə olur olsun, çalışıb sona qədər mübarizə aparacağıq.
- Mətbuat konfransında qeyd etmişdiniz ki, mənə daha gənc futbolçularla oynamağı tapşırıblar. Bu amil işinizə, nəticəyə necə təsir edir?
- Təsiri var, əlbəttə ki, var. Ümumiyyətlə, klub olaraq “Səbail” peşəkarlıqda ilk addımlarını atır. Üç ilin komandasından futbolçu yetişməsini gözləmək absurddur. Zamana ehtiyac var. Heyətimizə gənc oyunçular cəlb etmişik. Onların üzərində çalışırıq. Onlar Premyer Liqa dadını bilməyən oyunçulardır. Zaman keçdikcə düşünürəm ki, bu oyunçular ölkə futboluna xeyir verəcək.
- Klubun iddiasının zəifləməsi heyətdəki təcrübəli oyunçulara, legionerlərə necə təsir edir?
- Heyətimizin bir qədər zəifləməsi gözlənilməz oldu. Ancaq futbolçular çalışır ki, bu heyətlə belə bacarıqlarını tam ortaya qoysunlar. Çempionatın son turuna qədər layiq olduğumuz pillədə qərarlaşmaq üçün oyunçularımız mübarizə aparır.
- Türkiyə toplanışında Ukraynanın “Olimpik” klubundan başqa daha hansı rəqiblərlə yoxlama oyunu keçirəcəksiniz?
- Digərləri haqqında hələ məlumat yoxdur. Danışıqlar gedir. Müqavilələr tam həll olunduqdan sonra rəsmi açıqlama veriləcək. Müxtəlif ölkələrdən təkliflər var.
Azad NURİYEV