Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 18:42
Demokratiyaya keçid edə bilməmiş, azad, dürüst, qanuni seçkilər keçirməyi bacarmayan, hakimiyyətin dinc yolla ötürülməsi mexanizmi işləməyən ölkələrin bir çoxunda devrilən dövlət başçıları amansız cəza qorxusundan xarici ölkələrə qaçmalı olur.
Qaçmayanlar, yaxalanananlar da olur, ancaq onların aqibəti ürəkaçan olmur.
Məsələn, Səddam Hüseyn İraqdan qaçmadı, devrildi, gizləndi, axtarıldı, tapıldı, mühakimə olundu, asıldı.
Müəmmər Qəzzafi Liviyadan qaçmadı, müqavimət göstərdi, gizləndi, axırda tapıldı, tutuldu və biabırcasına linç edilərək küçədə öldürüldü.
Hüsnü Mübarək Misirdən qaçmadı, devrildi, həbsə alındı, xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxıldı, hazırda 92 yaş var, sağdır.
Ancaq ali dövlət postundan devriləndən sonra didərgin düşən, ölkə-ölkə gəzən və uzun yaşamayanlar da var. Onlardan biri İran şahı Məhəməd Rza Pəhləvidir.
İran şahı hakimiyyətdə olduğu illərdə neft satışından ölkəyə gələn milyardlara güvənərək feodalizm girdabında olan İranı birdən-birə nüvə əsrinə adlatmaq istəmişdi. 1963-cü ildə İranda "ağ inqilab"a başlayan şah ölkədə müasir müəssisələr - metallurgiya və maşınqayırma zavodları, neft-kimya kompleksləri tikdirmişdi. Yeni xəstəxanalar açılmışdı, qadınlara səsvermə hüququ verilmişdi. Pəhləvi öz ölkəsində qərb mədəniyyətini bərqərar etməyə çalışırdı. Hətta o, İranda "Playboy jurnalının nəşrinə izn vermişdi. Onun vaxtında İranda çəkilən filmlər öz açıq-saçıq səhnələri ilə Avropada çəkilən filmlərdən fərqlənmirdi. Sonda şah İran dindarlarının hiddətini qazandı. Uzun sürən kütləvi etiraz mitinqlərinə və nümayişlərinə tab gətirməyən Pəhləvi 1979-cu ilin yanvarında İrandan qaçmalı oldu. O, əvvəlcə Misirə sığındı, sonra Mərakeşə getdi, bir müddət Baham adalarında, Meksikada yaşadı. İranda hakimiyyətə gəlmiş qüvvələr şahın yaşadığı ölkələrdən onun təhvil verilməsini tələb edirdilər. Bu arada devrilmiş şahın səhhəti pisləşdi və o, müalicə olunmaq üçün ABŞ-a getdi. Buna cavab olaraq İranda bir qrup silahlı şəxs - yeni hökumətin adamları hücum edərək ABŞ səfirliyini tutub, diplomatları girov götürdülər. Beynəlxalq qalmaqal yarandı. Şah əvvəlcə Panamaya, sonra isə Misirə getməli oldu və 1980-ci ildə Qahirədə öldü.
Mühacirətdə ölən dövlət başçılarından biri də 1940-1944-cü və 1952-1959-cu illərdə Kubada diktatorluq etmiş Fulxensio Batistadır. İki dəfə hakimiyyətə hərbi çevriliş yoluyla gəlmiş Batista 1959-cu ilin fevralında Fidel Kastro və Ernesto Çe Geveranın rəhbərlik etdiyi qiyam nəticəsində devrilib. Prezident ölkədən qaçmağa məcbur və nail olub. O, əvvəlcə Dominikana sığınıb, sonra Portuqaliyaya, daha sonra İspaniyaya gedib. Keçmiş diktator 1973-cü ildə İspaniyada ölüb.
Tarixə dünyanın ən gənc prezidenti kimi düşmüş Jan-Klod Düvalye 1971-ci ildə 19 yaşındaykən yiyələndiyi Haiti prezidenti postunu 1986-cı ildə qoyub qaçmalı olub. Onu buna xalq kütlələrinin aramsız etiraz aksiyaları vadar edib. Düvalye ona himayədarlıq edən Fransaya qaçıb və bu ölkənin okean sahillərindəki lacivərd kurortunda məskunlaşıb. Sonradan məlum olub ki, Düvalyenin Haitiyə rəhbərlik etdiyi dönəmdə türmələrdə 50 min müxalifətçi öldürülüb. 1986-cı ildə ABŞ məhkəməsi Düvalyenin Haitiyə yarım milyard dollar qaytarmalı olduğu barədə qərardad çıxarıb. Amma Düvalye heç nə qaytarmayıb. Nəticədə 1994-cü ildə onun Fransadakı villası müsadirə olunub, 2002-ci ildə isə İsveçrədəki bütün bank hesabları dondurulub. 2007-ci ildə Düvalye haitililərə müraciət edərək onun səhvlərini bağışlamalarını xahiş edib və 2011-ci ildə, 25 ildən sonra ölkəsinə qayıdıb. Düvalye 2014-cü ildə 63 yaşında ürək çatışmazlığından ölüb.
Uzun illər ölkəsini - Almaniya Demokratik Respublikasını idarə etmiş Erix Honekkerin taleyinin əvvəli yaxşı, sonu pis olub.
1989-cu ildə "Berlin divarı"nın sökülməsi və Şərqi Almaniyanın AFR ilə birləşməsi nəticəsindərəhbərlik etdiyi dövlət postlarını itirən Honekker 1991-ci ilə qədər ölkəsinin şərqində gizlənib. Sonra o, gizli şəkildə vassalı olduğu ölkəyə, Mixail Qorbaçovun "şəxsi qonağı" statusu ilə SSRİ-yə keçib. Ancaq həmin il Qorbaçivun özü də əvvəlcə saray çevrilişinə -qiyama məruz qalıb, daha sonra başçılıq etdiyi ölkə - SSRİ süqut edib. Bundan sonra Honekkerə 3 gün vaxt veriblər ki, o, Rusiyanı tərk etsin. Honekker 1992-ci ilin iyuluna qədər Çilinin Rusiyadakı səfirliyində qalıb. Sonra onu Rusiya hakimiyyətinin qərarıyla AFR-ə ekstradisiya ediblər. Almaniya hökuməti ahıl Hpnekkerin yaşını, xəstəliyini nəzərə alaraq, onun məhkəmə təqibini dayandırıblar. Bununla belə, Hönekker öz humanist həmvətənlərinə etibar etməyib, Çiliyə mühacirət edib və 1994-cü ildə orada ölüb.
1979-86-cı illər arasında Əfqanıstanın İnqilabi Şurasının sədri olaraq ölkəsini idarə edən Babrək Karməlin qaçıb sığındığı ölkənin SSRİ olması o dövrün ən absurd işlərindən biridir. Çünki yoldaş Karməli vəzifəsindən elə SSRİ rəhbərliyi götürüb və ona yaşaması üçün xüsusi iqamətgah verib. Ancaq Kreml əfqan kommunistin üzərindən diqqətini bir an da olsa ayırmayıb, onun ünsiyyətlərini, sərbəst hərəkətini məhdudlaşdırıb. Bunun səbəbi Karməlin Əfqanıstanda öz populyarlığını saxlaması olub. Xüsusuilə də xalqın sevmədiyi yeni rəhbər Nəcibullanın fonunda Karmələ etimad yüksəkmiş. Kreml ehtiyat edirmiş ki, birdən Karməl yenidən ölkəsinə və hakimiyyətə qayıdar. Ancaq sovet qoşunları Əfqanıstandan çıxandan beş-altı il sonra taliblər Nəcibullanı devirib, asıblar, Karməl isə Moskvada xəstəxanada böyrək çatışmazlığından ölüb.
Yuqoslaviya prezidenti Slobodan Miloşeviç o liderlərdəndir ki, yolu Haaqa məhkəməsindən keçib. 1997-2000-ci illər arasında Yuqoslaviyanın rəhbəri olan, bu federal dövlətin ərazisində yaşayan xalqlara qarşı hərbi cinayətlər törədilməsinə rəhbərlik edən Miloşeviç sonda "buldozer inqilabı" adlanan xalq etirazlarının nəticəsində hakimiyyətini itirib. O, 2000-ci ildə keçirilən prezident seçkilərini saxtalaşdırıb, xalq ayağa qalxıb və onunla alternativ namizəd olan Voislav Koştunotsanın ətrafında birləşib. Hərbi caninin ailə üzvləri Serbiyadan Rusiyaya qaçmalı olublar və rəsmən sığınacaq alıblar. Miloşeviçin oğlu Markonu Serbiyada ölüm təhdidində, tütün məmulatlarının qaçaqmalçılığında, dələduzluqda və digər iqtisadi cinayətlərdə ittiham ediblər. Eks-prezidentin arvadı Mira Markoviç ərinin hakimiyyəti dövründə "Yuqoslaviyanın əsl prezidenti" adını alıbmış.
Miloşeviçin qızı Mariya atası 2001-ci ildə Belqradda həbs edilən zaman polislərlə silahlı atışmaya girdiyinə görə Serbiyada 8 aylıq həbs cəzası alıb. Slobodoan Miloşeviç 2001-ci ilin iyun ayında ölkənin baş naziri Zoran Cinciç tərəfində gizli əkildə beynəlxalq tribunala təhvil verilib. O, 2006-cı ildə beynəlxalq Haaqa tribunalında mühakimə olunduğu vaxt ölüb.