Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastları 2019-cu ildə - YEKUNLAR

Azərbaycan gimnastları 2019-cu ildə - YEKUNLAR

Tarix: 23 Dekabr 2019 14:10

Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün daha bir uğurlarla zəngin il geridə qaldı.

Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 2019-cu il həm ölkəmizdə keçirilmiş gimnastika tədbirləri, həm də gimnastlarımızın uğurları ilə zəngin bir il oldu.

Milli Gimnastika Arenası bu il ərzində tam səkkiz beynəlxalq yarışa ev sahibliyi etdi. Yarışlar fəslinə ilk olaraq ənənəvi Dünya Kubokları ilə start verildi. Fevral ayında batut gimnastikası, martda idman gimnastikası və aprel ayında təşkil edilmiş bədii gimnastika üzrə Dünya Kuboklarında iştirak etmək üçün ümumilikdə 1020 nəfərdən çox insan ölkəmizə səfər etdi.

Bundan əlavə aprel ayında həm də bədii gimnastika üzrə gənclər arasında 2-ci "AGF Junior Trophy" adlı beynəlxalq turnir keçirildi. Bu yarışın son günündə qrup hərəkətləri komandamız qızıl medal qazandı və Himni tamaşaçılarla birgə səsləndirdi. Onların həmin andan görüntülənmiş videosu AGF-nin sosial şəbəkələrdəki hesablarında ən çox baxılan və paylaşılan video oldu.

May ayında isə Azərbaycanda ilk dəfə olaraq gimnastikanın 2 növü üzrə birgə Avropa Çempionatı təşkil edildi. Bədii gimnastika üzrə qitə birinciliyi ölkəmizdə 4-cü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa Çempionatına Azərbaycan ilk dəfə idi ki, ev sahibliyi edirdi. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatıldı.

Milli Gimnastika Arenasında keçirilmiş növbəti yarış Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadın idman gimnastikası üzrə yarışlar oldu. Gənc gimnastların Olimpiya Festivalında 38 ölkədən 170 idmançı öz qüvvəsini sınadı.

Nəhayət bu il ölkəmizdə təşkil edilmiş ən geniş miqyaslı gimnastika tədbiri - Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə Dünya Çempionatı sentyabr ayında baş tutdu. Azərbaycanda 2-ci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çoxdan gözlənilən nəticəni - Olimpiya Oyunlarına lisenziyanı qazandı. Tokio-2020 Olimpiadasına daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə etdi.

Bədii gimnastlarımızın bu uğurundan dərhal sonra Olimpiya Oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazandı. Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin etdilər. Qeyd edək ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır.

İdmançılarımızın uğurlarından danışarkən gənc və yeniyetmə gimnastlarımızı xüsusilə qeyd etmək lazımdır. Bu il onlar üçün həm Azərbaycanda, həm də ölkə xaricindəki yarışlarda qazandıqları uğurları ilə əlamətdar olub.

Yeni ildən etibarən böyük gimnastların yarışlarına qatılacaq Arzu Cəlilova, 2019-cu ildə gənclər arasında ilk dəfə olaraq Rusiyada təşkil edilmiş ilk Dünya Çempionatında 2 medal - topla hərəkətlərdə gümüş, iplə isə bürünc medal əldə etdi. İdman gimnastımız Səməd Məmmədli Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda dəstəli atda gümüş medala layiq görüldü. Akrobatlarımız isə İsrailin Holon şəhərində keçirilmiş Avropa Çempionatından tam bir medal dəsti ilə qayıtdı. Murad Rəfiyev və Daniel Abbasov cütlüyü balans hərəkətlərində bürünc, çoxnövçülükdə gümüş və temp hərəkətlərinə görə qızıl medala layiq görüldü. Yeniyetmə gimnastlarımızın sevincli medal xəbərləri isə Yaponiyada keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından gəldi. Turnir çərçivəsində batut yarışlarında Maqsud Mahsudov fərdi proqramda qızıl, sinxron proqramda Hüseyn Abdullayevlə birgə gümüş medal əldə etdilər. Tamblinq yarışlarında isə Aleksey Karataşov bütün rəqiblərini üstələyərək öz yaş qrupunda qalib oldu.

Gənc gimnastlarımızın qazandıqları bu uğurlar Azərbaycanda gimnastika idman növlərinin düzgün və planlı şəkildə inkişaf etdiyini və gələcəkdə Avropa, Dünya Çempionatlarında, hətta Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək gənc nəslin yetişdiyini göstərir. Bu il öz çıxışları ilə yadda qalan bu idmançılar növbəti illərdə də Dünya və Avropa Çempionatlarında çıxış edəcəklər.

2019-cu ildə böyüklər kateqoriyasında yarışan gimnastlarımız da ölkəmizdə və xaricdə keçirilmiş yarışlarda çoxsaylı medallar qazanıblar. Dünya Kubokları və bir sıra beynəlxalq turnirlərdə əldə edilmiş medallarla yanaşı, İtaliyada keçirilmiş Ümumdünya Yay Universiadasında Zöhrə Ağamirovanın 2 gümüş medalını, Marina Nekrasovanın qızıl medalını, akrobatlarımız - Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyünün Belarusda təşkil edilmiş 2-ci Avropa Oyunlarından qazandıqları 2 gümüş, 1 bürünc və İsraildə keçirilmiş Avropa Çempionatında qazanılan 2 bürünc medallarını qeyd etməyə dəyər.

Aerobika gimnastikası üzrə təmsilçilərimiz isə "aero dans" proqramında mükəmməl çıxış nümayiş etdirərək, Bakıda ilk dəfə təşkil edilmiş qitə birinciliyində Avropa çempionluğunu əldə etdi.


Etiketlər:  Azərbaycan gimnastları 2019 ildə YEKUNLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ