Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 18:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Bir pəncərə" elektron portalının ölkə üzrə əhatə dairəsini genişləndirir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, komitə tərəfindən obyektlərin tikintisi və istismarına icazələrin alınması prosesi daha da asanlaşdırılır.
Məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən "Bir pəncərə" elektron sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.
Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.
Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.
*** Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsini nəzərə alaraq, sistemə inteqrasiya olunan yerli icra hakimiyyəti orqanlarının baş memarları və digər aidiyyəti əməkdaşları üçün maarifləndirici tədbirlər keçirilib. Təlimlər zamanı Lənkəran, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Abşeron, Aran və Yuxarı Qarabağ iqtisadi bölgələrindən ümumilikdə 56 rayon memarlarına sistem haqqında ətraflı məlumat verilib, portalın işləmə mexanizmi canlı şəkildə nümayiş etdirilib, mövcud problemlər təhlil edilərək yaranmış suallar Komitənin portala cavabdeh şəxsləri tərəfindən cavablandırılıb.
Bundan əlavə, dekabr ayından etibarən portal vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazələrin verilməsi üzrə işlərə başlanılıb.