Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 16:12
Yeni il bayramının ənənəvi simvolları - Şaxta Baba və Qar qız olmaq istəyənlərin sayı ildən-ilə azalır.
Sonxeber.net Virtualaz.org-a istinadən xəbər verir ki, bayrama 3 gün qalmasına baxmayaraq, hələ də Bakı küçələrində və parklarda Şaxta Baba və Qar Qız demək olar, gözə dəymir.
Bəlli olduğu kimi, artıq bir neçə ildir ki, paytaxtda yeni il personajları icazəli , yəni xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. Şaxta baba və Qar qızlara lisenziya verən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə əlaqə saxlayıb neçə müraciət aldıqlarını soruşduq. İdarədən virtualaz.org-a bildirdilər ki, indiyə qədər Şaxta baba lisenziyası üçün cəmi 5 nəfər müraciət edib: "Müraciət edənlərdən 4-ü Fəvvarələr Meydanı, 1-i isə Atatürk parkında qurulmuş yolkanın ətrafında dayanacaq. Bizim idarəyə cəmi 5 müraciət var, amma ola bilsin ki, Bulvar və İçərişəhərdə də yeni il yolkasının ətrafında Şaxta baba və Qar qızlar olacaq. Onlar isə lisenziyanı Dənizkənarı Bulvar İdarəsi verir".
İdarədən lisenziya üçün müraciətlərin hansı səbəbdən azalmasını isə izah edə bilmədilər.
Dənizkənarı Bulvarda da Şaxta baba axtarışımız boşa çıxdı. Ağ şəhər bulvarından "Azneft" dairəsinə qədər bir neçə yolka qurulsa da,onların qarşısında yalnız nağıl qəhrəmanlarına rast gəldik. Onlar da söhbətə meylli olmadıqlarından necə fəaliyyət göstərmələrini öyrənə bilmədik. Şaxta babaların yoxluğunun səbəbini Bulvarda təmizlik aparan işçilər də bilmirdilər. "Hələ ki, "Mikki Maus", "Maşa və ayı", "Cücə" və başqa nağıl qəhrəmanları uşaqları əyləndirir. Ola bilər dekabrın 31-i Şaxta baba və Qar qız da gəlib çıxar. Niyə yoxdur, onu yəqin rəhbərlik bilər...", - işçilərdən biri deyir.
Şaxta baba olmaq istəyənlərin yoxluğu, görünür, bu personajların bayram günləri əsas gəlir mənbəyi olan fotoşəkillərdən kifayət qədər qazanc əldə edə bilməmələri ilə bağlıdır. Əvvəllər yolka ətrafında Şaxta baba və Qar qızla foto çəkdirmək üçün xüsusi fotoqraflar ayrılırdı. İndi son texnoloji yeniliklərlə təchiz edilmiş mobil telefonlar yayıldığından, heç kim fotoqrafa şəkil çəkdirmək istəmir. Nəticədə Şaxta baba və nəvəsinin qazanc yeri bağlanır.