Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanın dad-tamı ilə seçilən qış yeməkləri - FOTO

Naxçıvanın dad-tamı ilə seçilən qış yeməkləri - FOTO

Tarix: 30 Dekabr 2019 07:00

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qədim tarixi, müasirliyi ilə şan-şöhrət qazanan Naxçıvan həm də füsunkar təbiətinin bəxş etdiyi nemətlərdən hazırlanan dadlı yeməkləri ilə də tanınır. Bu torpaqda bitən hər şey sanki xüsusidir, təkrarsızdır. Meyvə, tərəvəz, göy-göyərti hər yerdə bitsə də, Naxçıvan torpağında yetişdirilən məhsullar digərlərindən dad-tamı ilə seçilir, heyvandarlıq məhsulları digərlərindən çox fərqlənir. Həmin məhsullardan hazırlanan yeməklər də, təbiidir ki, heç bir yerdə bu qədər ləzzətli olmur. Onlar arasında qış yeməkləri özünəməxsus yerə malikdir. Elə ki havalar soyudu, Yeni ilə az qaldı deməli, Naxçıvanın qış mətbəxinin vacib nemətlərindən olan əriştə kəsməyin, yarma bişirməyin, qovurma hazırlamağın da vaxtı çatıb.

Qovurmadan söhbət düşmüşkən qeyd edək ki, Naxçıvanda qovurma ilə hazırlanmış qış xörəkləri bişiriləndə hamının, hətta başqa vaxt yeməyə biganə olan balaca uşaqların da iştahası artır. İlin bu ayından başlamış ta Novruz bayramınadək süfrələrin ən dadlı yeməklərindən sayılan qovurmalı bozbaş, yumurta, küftə, əriştə aşı, yarma durusu kimi Naxçıvan mətbəxində geniş istifadə olunan yeməklərə daha çox üstünlük verilir. Bu yeməklərə bir də muxtar respublikanın əzəmətli dağlarından, geniş düzlərindən toplanan yabanı ələyəz, əvəlik, qazayağı, çoban kirmidi kimi yabanı bitki quruları da əlavə olunduqda bunlar qış süfrəsinin əsl şahına çevrilir. Cacıq, qazayağı, şomu, sobu və digər pencərlər qovurma ilə qovrulub bişirilir ki, bunun da dadını-tamını yazmaqla izah etmək mümkün deyil. Hələ onların yanında yedikcə yeyilən turşuları demirik...

Yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır deyib, Naxçıvan mətbəxinin qış nümunələrini fotoşəkillərini təqdim edirik. Bu xörəklərdən dadmaq üçün isə əsl vaxtdır - bayram tətilində Naxçıvan gəlmək, burada yerli və xarici turistlər üçün yaradılan ideal şəraitin şahidi olmaq, qarlı dağlara səyahət etdikdən sonra Naxçıvan mətbəxinin dadlı yeməklərini yemək həyatınıza ən gözəl anlar kimi yazılacaqdır.


Etiketlər:  Naxçıvanın tamı ilə seçilən qış yeməkləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ