Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliya səyahət saytı Azərbaycana səfərin 10 səbəbi barədə böyük məqalə yayıb

Avstraliya səyahət saytı Azərbaycana səfərin 10 səbəbi barədə böyük məqalə yayıb

Tarix: 3 Yanvar 2020 07:32

Avstraliyanın populyarlığı ilə seçilən "The journal by intrepid travel" saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin Azərbaycana səyahətin 10 səbəbi barədə məqaləsini yayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Azərbaycanı və Bakını sizin siyahınıza salan 10 səbəb" adlı məqalədə K.Çarlik Yer kürəsində maraqlı yerlərin kifayət qədər olduğunu qeyd edir, lakin Bakının sizin "mütləq səyahət etməli" siyahınızda ən ön yerlərdən birini tutmasının zəruriliyini vurğulayır. Qeyd edir ki, Bakı Şərq ilə Qərbin qovuşuğunda yerləşən kiçik dövlətin paytaxtıdır. Qədim mədəniyyəti, atəşpərəstlik dinini, orta əsrlərə məxsus tarixi abidələri və islam ənənələrini yaşadan bu ölkə, həm də uzun illər dəmir pərdə arxasında qalıb.

Bundan sonra müəllif dadlı yemək, yaxşı istirahət, dincəlmək və Bakının zəngin mədəni külliyyatından faydalanaraq dünyagörüşünü artırmaq istəyənləri Azərbaycana səyahətin 10 əsas səbəbi ilə tanış edir.

Bu səbəblər içərisində ilk olaraq Azərbaycanın və Bakının zəngin və maraqlı arxitekturası göstərilir. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçəri şəhər kompleksindən başlayaraq, qədim Şərqin və müasir Avropanın arxitektura nümunələrinin bu şəhəri bənzərsiz etdiyini vurğulayır. Bu mədəniyyət abidələri içərisində modern üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzini, möhtəşəm Alov qüllələrini və ecazkar Qız Qalasını xüsusi vurğulayır.

Azərbaycanın həm də Odlar yurdu adlandırıldığını qeyd edən K.Çarlik ikinci səbəb olaraq Yanar dağ kompleksindən bəhs edir. Buranın müasir Azərbaycanın qonaqpərvərlik rəmzlərindən birinə çevrildiyini xüsusi qeyd edir. Bu tarixi abidə ilə yanaşı, Atəşgah məbədindən, qədim Zərdüştlük dininə sitayiş edənlərin bu ərazilərə səfərlərindən yazır.

Ölkəmizə səyahətin növbəti səbəbi kimi buradakı çoxsaylı muzeyləri qeyd edən avstraliyalı jurnalist onların sırasında Xalça muzeyinin xüsusi yer tutduğunu bildirir. Qeyd edir ki, müasir arxitekturası ilə seçilən üç mərtəbəli binada yerləşən bu muzeydə Azərbaycan xalqına məxsus qədim sənət nümunələri arasında ən müxtəlif təyinatlar üçün toxunmuş xalçalara rast gəlmək olar.

Xalça muzeyi barədə ətraflı bəhs edən xanım K.Çarlik onunla yanaşı, zəngin Azərbaycan mətbəxi nümunələrinin tamına baxmaq istəyənlərə Şirvanşahlar muzeyini ziyarət etməyi tövsiyə edir. Heyranlıqla vurğulayır ki, həmin muzeydə 35 aşpaz 1000-dək qonağa eyni vaxtda xidmət göstərir.

Bakıya səyahətin səbəbləri sırasında bu şəhərin piyada gəzintisi üçün çox əlverişli olduğunu qeyd edən müəllif, İçəri şəhərin dar döngələrindən başlayan gəzintini dənizkənarı bulvarda, Xəzərin sonsuz ənginliklərini seyr edərək davam etdirməyi məsləhət görür. Nahardan sonra isə şəhərin mərkəzində yerləşən Nizami küçəsinə çıxaraq buradakı zəngin arxitektura nümunələrini seyr etməyi tövsiyə edir.

Bildirir ki, Azərbaycanın dadlı mətbəxindən sonra açılan çox zəngin çay süfrəsi də bu ölkəyə səyahətin səbəblərindən biri ola bilər. Samovarda qaynadılan və xüsusi dəmləmə qaydaları riayət olunmaqla təklif edilən çay süfrəsində siz paxlava, şəkərbura kimi şirniyyat və mürəbbələrlə yanaşı, müxtəlif çərəzlərlə də qarşılaşa bilərsiniz.


Etiketlər:  Avstraliya səyahət saytı Azərbaycana səfərin səbəbi barədə böyük məqalə yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ