Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 17:36
Bakı. Elçin Mehdiyev - Trend:
Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.
Baş bankir qeyd edib ki, makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir:
"Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir”.
Qeyd edək ki, 2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib. Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb.
İnflyasiyanın bir sıra vacib daxili və xarici amillərini zərərsizləşdirmək üçün pul şəraitinin ardıcıl şəkildə normallaşdırılması, həmçinin iqtisadi fəaliyyət və məşğulluğun dəstəklənməsi böyümə və sabitlik istiqamətində balanslı nəticələrin əldə olunmasına imkan verib.
Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.
Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.
Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin