Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sportnet"in 5 yaşı tamam olur - müsahibə

Tarix: 15 May 2019 12:28

Bu gün Azərbaycanın populyar idman saytlarından olan Sportnet.az-ın 5 yaşı tamam olur. Bununla əlaqədar saytın baş redaktoru Elşən Məmmədov Qol.az-ın suallarını cavablandırıb.

- Əvvəlcə  5 illiyiniz münasibəti ilə sizi və kollektivinizi təbrik edirik.

- Təşəkkür edirəm.

- Sportnet.az-ın 5 ili bizim, yəni kənardan izləyənlər üçün bir göz qırpımında keçdi. Bəs sizin üçün bu 5 il nə ilə yadda qaldı?

- Elə mənim üçün də tez keçdi. Əslində indi həyatın illəri belə bir göz qırpımında keçir. 20 illik jurnalist karyeramın 1/4 hissəsinin həm də Sportnet.az-la bağlı olduğunu düşünəndə, belə qənaətə gəlirəm ki, bu, heç də az müddət deyil. İşimizlə əlaqədar futbolçularla daha çox ünsiyyətdə olur, onların müsahibələrini, fikirlərini yazıb-oxuyuruq. Neçə illərdir ki, onların dillərində əzbər olan bir "kəlam" var. Ki, hansısa klubda uzağı 2 il oynayan kimi "Orada can qoydum" deyirlər. Bu baxımdan, Sportnet.az üçün 5 ilimizi və ya Sportnet.az-ın 5 ilini heç də az olmayan, amma kifayət qədər maraqlı dövr saymaq olar. Çünki maraqlı əsərlər də bir göz qırpımında sona çatır, sən isə davamını gözləyirsən. 5 ili pis-yaxşı keçirdik, təki davamı yaxşı gəlsin...

- Saytı yaradanda qarşıya qoyulan hədəfə doğru gedə bilirsinizmi?

- 2014-cü il mayın əvvəllərində 7 ildən çoxdur çalışdığım "APA Holding"dən ayrıldım. Çünki həmin vaxt iş yerim olan Lent.az-da perspektivin olmadığı qənaətinə gəldim və 15 illik müxbirlik fəaliyyətimə son qoyaraq özümü redaktor kimi sınamağı qərara aldım. Beləliklə, İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi Sportnet.az-ı ərsəyə gətirdik. Doğrudan da bu saytı böyük hədəflərlə yaratmışdıq. İlk 6 ayı şəhərin tanınmış iş mərkəzlərindən birində rahat ofisdə keçirdik. İşə kifayət qədər peşəkar heyətlə başladıq. Hazırda Sport24.az-ın baş redaktoru olan Ceyhun Əliyev, eləcə də Elmar Vəliyev və Sevinc Xan Qızı (Süleymanova) bizimlə idi. Bu sayt gündəlik idman xəbərləri ilə yanaşı, İAM-ın müxtəlif layihələrinə dəstək üçün nəzərdə tutulmuşdu. Elə bu üzdən, Braziliyadakı dünya çempionatı ərəfəsində jurnalistlər, futbolçular, məşqçilər və futbol funksionerlərinin iştirakı ilə Futproqnoz adlı yarışmaya başladıq. Qalibimiz isə həmin vaxt "Xəzər Lənkəran"da, hazırda isə "Səbail"də çıxış edən Ağabala Ramazanov oldu. Digər hədəflərimiz ölkədaxili və beynəlxalq yarışları yüksək səviyyədə işıqlandırmaq idi ki, buna da müəyyən qədər nail olduq. Xüsusən, bu mövsüm Premyer Liqadakı oyunların ən azı 90 faizində iştirak etdik. Daha bir hədəfimiz operativlik idi. Xəbərin operativliyinə necə həssas yanaşdığımı bizimlə çalışmış əməkdaşlarımızın özləri təsdiqləyə bilərlər. Oxucu sayında da irəliləyişə nail olduq. Artıq Sportnet.az çoxsaylı idman nəşrləri arasında özünəməxsus yerini tutub və oxucu sayında ilk "10-luq"da, bəlkə də "5-lik"dədir. Bir sözlə, çalışırıq ki, mövcud vəziyyət də nəzərə alınmaqla, saytı yaşadaq və inkişaf etdirək.

- Oxucuların diqqətini cəlb etmək üçün nə qədər vaxta ehtiyac oldu?

- Elə bir heyətlə işə başlamışdıq ki, oxucuların marağını cəlb edən yazılarımızın yoxluğu qeyri-mümkün idi. Elə yenicə işə başlamışdıq ki, Bəhram Bağırzadənin milli komandanın futbolçuları barədə səsləndirdiyi fikirlər, onların və neftçilərin qazanclarını müqayisə etməsi şok effekti yaratmışdı. Ölkənin bütün idman və ictimai-siyasi saytları Sportnet.az-a istinadən həmin açıqlamanı yaymışdılar. Bu fikirlər elə rezonans doğurmuşdu ki, axırda Bəhram Bağırzadə bizdən bu məsələnin üstünə daha çox getməməyi xahiş etmişdi. Yaxud qızlardan ibarət yığmadakı Melis Sarıaltın adlı futbolçunun Almaniyada kürdlərin türklər əleyhinə aksiyasına qoşulduğunu ilk dəfə biz gündəmə gətirmişdik. AFFA isə məsələyə operativ reaksiya verərək həmin oyunçunu millidən kənarlaşdırmışdı. Yəni, bu cür yazılarımız kifayət qədər çox olub. Şəxsən özümün yanaşmam belə idi ki, yeni saytı yalnız özünəməxsus üslub formalaşdırmaqla tanıtmaq, irəli aparmaq olar. Təsadüfi deyil ki, elə yenicə işə başlamışdıq ki, müxtəlif klublar və qurumlarla əməkdaşlıq və tərəfdaşlıqlarımız başladı.

- Səhv etmirəmsə, Sportnet.az fəaliyyə 4 nəfərlə başladı. İndi saytda neçə nəfər çalışır?

- Bəli, 4 nəfərlə başlamışdıq. Üstəlik, əlavə sttingerlərimiz var idi. Amma 2014-cü ilin noyabrında "Report" agentliyindən idman redaktorluğu təklifini aldıqdan sonra Sportnet.az-ın ofis fəaliyyətini dayandırmalı oldum. Bu halda daimi əsaslı əməkdaşlarımızın sayı da azaldı. İndi daha çox gücü İdman Araşdırmalar Mərkəzinin avtomobil həvəskarları üçün ərsəyə gətirdiyi Autocity.az-a cəmləmişik. Düşünürəm ki, bu sahədə də uğur əldə etmək mümkündür. Ən azı ona görə ki, ölkənin avtomobil bazarı inkişaf edib və Bakıda ən azı 2023-cü ilədək "Formula 1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək.

- Saytın maliyyə durumu necədir?

- Maliyyə durumumuz ölkədə insanların hazırkı vəziyyətindən fərqlənmir. Reklam tərəfdaşlarımız sağ olsunlar, fəaliyyətimizi, oxucu kütləmizi nəzərə alaraq, maliyyə dəstəyi göstərirlər. İndi saytların əksəriyyəti mövcudluğunu klub reklamları ilə qoruyurlar. Sportnet.az yeni yarandığı vaxt isə özünün ayrıca dəstəkçisi var idi. Məhz bu dəstəyin sayəsində ofis şəraitində çalışırdıq.


- İş prinsipinizdə əsas diqqəti nəyə yönəldirsiniz?

-  Eksklüziv və operativ xəbərlərə ilk gündən önəm vermişik. Əvəzində saytımızda "Report" istisna olmaqla, digər saytların xəbərləri çox azdır. Məncə, bu, hər bir sayt üçün başlıca prinsip olmalıdır.

- Yeni layihələriniz nəzərdə tutulub?  Bunu həyata keçirmək üçün maliyyə qaynaqları varmı?

- Ən yeni layihəmiz elə Autocity.az-dır. Əməkdaşlar cəlb etməklə, bu saytı inkişaf etdirmək niyyətindəyik. Sportnet.az-a gəldikdə, əlbəttə arzular, istəklər çoxdur. Amma hazırkı məqamda ən yaxşı variant elə saytı qorumaq, yaşatmaqdır.

- Artıq 20 ildir mətbuatdasınız. Bu müddətdə idman jurnalistikasında nələr dəyişib?

- Bəli, mətbuata gəlişimizin 20 ili martda tamamlandı. Həmin vaxt dünyada XX əsr, Azərbaycan futbolunda isə Fuad Musayev erası idi.

İlkin Fikrətoğlu, Elnur Məmmədli, Anar Şabanoğlu və Vaqif Heydərli ilə birgə müsabiqədən keçərək, "Futbol+"də işə başladığımız vaxt sözün həqiqi mənasında peraşki dövrü idi. Bu sözü isə ilk dəfə dilinə "Qarabağ"ın o vaxtkı futbolçuları klubdakı maliyyə durumuna etiraz edərkən gətirmişdilər. Onlar "Oyunlara peraşki yeyib çıxırıq" deyərək, o vaxtkı klub prezidenti Yunis İldırımzadənin istefasını tələb edirdilər. Yeri gəlmişkən, futbolçunun öz baş məşqçisinin də yox, klub prezidentinin istefasını tələb etməsi kimi halın da indiyədək analoqunu görməmişik. O vaxtlar həm də Fuad Musayevin AFFA prezidenti vəzifəsindən istefasını tələb edirdilər. Futbol ictimayyəti konfranslar keçirir, alternativ AFFA yaradır, klublar isə çempionatı boykot edirdilər. Bu proseslərin işıqlandırılmasında, hakimiyyət dəyişikliyinin sivil formada aparılmasında təbliğati baxımdan heç də az rolumuz olmayıb. Bu gün təsadüfi ortaya çıxaraq, "mənəm-mənəm" deyənlərin bir qismi o vaxtlar futboldan bixəbər idilər. İdman jurnalistikasında bölgələrdəki oyunlara jurnalist ezam olunmasına o vaxtlar "Futbol+"də başlanılmışdı. Oyunlardan çıxıb reportajı göndərmək üçün ən yaxşı halda rayondakı internet-kluba baş çəkməli, ən pis halda zəng edərək, redaksiyaya telefonla diktə etməli idin. Jurnalistlərin xarici səfərləri o vaxtlar nadir hallarda olardı. Futboldakı hakimiyyət dəyişikliyi və yeni klubların yaradılması, eləcə də Milli Olimpiya Komitəsinə hazırkı dövlət başçısı İlham Əliyevin prezident seçilməsindən sonra federasiya rəhbərliyinə yüksək vəzifəli məmurların təyinatı idman jurnalistikasının da inkişafına təsirsiz ötüşmədi. Ölkə futbolu rəhbərliyində yenicə hakimiyyət dəyişikliyi baş vermişdi ki, ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırıldım. İlyarımlıq xidməti başa vurub qayıtdığım vaxt yeni klub və federasiya funksionerlərinin bir çoxunu tanımırdım. Etiraf edim ki, onlarla əlaqələrin qurulması, aralarından informasiya mənbələrinin tapılması istiqamətində xeyli çətinliklər çəkdim. Yəni, idman jurnalistikası o vaxtla indiki arasında xeyli məsafə qət edib, bu sahədə inkişaf baş verib. Amma düşüncə, bacarıq olaraq, artım baş veribmi, bax, bu, artıq yumşaq desək, mübahisəli məsələdir.

- İdman mətbuatı sizi çalışqan jurnnalist kimi tanıyır. Bu enerjini saytın digər əməkdaşlarına da ötürə bilirsiniz? Bu çalışqanlıq, operativlik tələbkarlığa nə dərəcədə təsir edir?

- İdman jurnalistikası çeviklik, dinamiklik tələb edir. Bu sahəyə gələn gənclərə hər zaman deyirəm ki, burada şənbə və bazar günləri, gecə istirahəti yoxdur. Əksinə, vacib qarşılaşmalar elə həftəsonları və axşamlar keçirilir. Belə iş və həyat tərzinə uyğunlaşmaq zorundayıq, illərdir bu əziyyəti çəkirik. İdman saytına əməkdaş cəlb etməyin bir çətinliyi də iş qrafikini müəyyənləşdirməklə bağlıdır. Təsəvvür edin ki, sizə təkcə gündüz deyil, axşam növbəsi də lazım olur, həftəsonları stadionlara gedib oyunları işıqlandıranlara gərək duyulur. Bu qədər çətinliyin öhdəsindən məhdud imkanlarla gəlmək heç də asan deyil. İndi saytın rəhbəri, baş redaktoru olsam da, mənim üçün müxbir işi görmək heç vaxt problem olmayıb. Əziyyətli işin öhdəsindən elə əməkdaşlarla birgə gəlməyə çalışmışıq. Əməkdaşlarımızdan bu qədər ağırlığa dözməyənlər də olub, əksinə, məndən öyrəndiyini etiraf edənlər də. Zatən bundan sonrakı işimiz həm də gənc nəslə idman jurnalistikasından nələrisə öyrətmək, izah etməkdir.

Ramiq AĞAMƏMMƏDOV

Redaksiyadan: Qol.az saytı 5 yaşının tamam olması münasibəti ilə Sportnet.az saytını təbrik edir, orada çalışan həmkarlarımıza yeni-yeni uğurlar arzulayır.

 


Etiketlər:  Sportnetin 5 yaşı tamam olur müsahibə



RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ