Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: Artan əhali bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür

Prezident İlham Əliyev: Artan əhali bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür

Tarix: 14 Yanvar 2020 01:48

Bakı. Trend:

Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır.

Trend-in məlumatına görə, bunu yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə giriş nitqində deyib.

Prezident İlham Əliyev söyləyib:

"Dövlət investisiya proqramı ilə bağlı burada bir neçə məqsəd dayanır. Əlbəttə, ilk növbədə, başlanmış layihələr başa çatmalıdır. Çünki əvvəlki illərdə bir çox yarımçıq layihələr də qalırdı. Yarımçıq layihələr icra olunmadan biz yeni layihələrə başlayırdıq və beləliklə, gücümüz də səpələnirdi, maliyyə resurslarımız da imkan vermirdi ki, layihələri lazım olan həcmdə icra edək. Ona görə, ilk növbədə, başlanmış layihələr başa çatmalıdır. İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir. Misal üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir.

Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir. Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir. Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür. Ancaq, eyni zamanda, bu, özlüyündə böyük problemlər də ehtiva edir. Hazırda çox sürətlə artan ölkələrin problemləri təhlil edilməlidir. Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı ciddi təhlil aparmalıdır və biz proqnozu bilməliyik. Bizim resurslarımızı dəqiq müəyyən etməliyik. Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik.

Yenə də deyirəm, hazırda əhalisi sürətlə artan ölkələrin təcrübəsi dəqiq təhlil edilməlidir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə biz uzunmüddətli strategiyanı işləməliyik. Mən yenə də deyirəm, indi bizim vəsaitə ehtiyacımız yoxdur. Amma biz beynəlxalq maliyyə qurumları ilə ona görə sıx əməkdaşlıq edirik ki, onlarda böyük təcrübə var. Onlar dünyanın bütün yerlərində fəaliyyət göstərirlər. Bu problem təkcə bizim problemimiz deyil. Düzdür, bu gün bu problem mövcud deyil. Əhali artmalıdır. Amma bir gün bu, problemə çevriləcək. Ona görə bizim iqtisadi artımımız artan əhaliyə uyğun olmalıdır.

İqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var. Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir.

Bizdə keçən il üzüm istehsalı kəskin artıb. Bunun da başlıca səbəbi bu sahəyə dövlət dəstəyinin olmasıdır. 25 faiz artıb və 190 min tondan çox üzüm yığılıb. Son illər ərzində bu, ən böyük rəqəmdir və bilavasitə bunun şərabçılığa böyük təsiri olacaq və biz bunu görürük. Şərabçılıq da ixracyönümlü məhsuldur. Yəni, bazar olmadan biz şərabı sata bilməyəcəyik. Ona görə biz bəzi dost ölkələrlə bu istiqamətdə işlər aparmışıq. Bəzi ölkələrdə kvotalar var, idxal kvotaları var və biz bu kvotaları əldə etmişik. Ona görə bu gün Azərbaycan şərabı bir çox ölkələrdə satılır və bunun həcmi artmalıdır. Mən hesab edirəm ki, şərabçılıq üçün bazarlarla bağlı problem olmayacaq. Çünki ənənəvi bazarlar var və yeni, misal üçün, Çin kimi böyük bazar var. Azərbaycan şərabları artıq ora ixrac edilir.

Tütün istehsalı bizdə son illər ərzində artıbdır - dövlət dəstəyi hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki açılmışdır. Yəni, biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir.

Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. “Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır. Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir.

Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir".


Etiketlər:  Prezident İlham Əliyev Artan əhali bizim iqtisadi siyasətimizin ölkədə mövcud olan sabitliyin təzahürüdür


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ