Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 11:20
Bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin səfirləri, ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Trend-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tədbiri açıq elan edib.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev 20 yanvar faciəsi və bu faciəyə xarici ölkələrin münasibəti haqqında danışıb. Rektor bildirib ki, Azərbaycan xalqı hər il bu günü həm qəmginliklə, həm də qürurla qeyd edir. Çünki 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.
H.Paşayev ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı dərc edilən məqalələrdən, kitablardan söz açıb: "Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi".
Digər çıxışçılar da 20 Yanvar hadisəsinin məqsədləri haqqında danışıb və onun Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə olduğunu diqqətə çatdırıblar.