Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 22:02
Türkiyənin yardım qrupları Suriyanın şimal-qərbindəki İdlib əyalətində döyüşlər nəticəsində didərgin düşən insanlar üçün 10 mindən çox ev tikməyə başlayıb. Bu arada isə Türkiyə Suriyadan qaçan miqrant axınının qarşısını almağa çalışır.
Evlər Türkiyə sərhədindəki Suriya kəndinin yaxınlığında, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan hava hücumlarının olmadığı bir ərazidə tikilir.
Suriyada rəqib tərəfləri dəstəkləyən Rusiya ilə Türkiyə arasında yanvarın 12-də döyüşlərin dayandırılması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya və Suriyanın hökumət qüvvələri üsyançıların İdlibdəki mövqelərini bombalamağa davam edib. Rusiya cümə axşamı yüzlərlə militantın İdlibdə Suriyanın hökumət qüvvələrinə hücumlar etdiyini bildirib.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, Türkiyə artıq 3,5 milyondan çox suriyalı qaçqını qəbul edib və təxminən 9 il davam edən münaqişədən sonra Suriyanın militantların nəzarətində olan son iqamətgahı olan İdlibdəki döyüşlər nəticəsində milyonlarla insanın sərhədi keçməyə məcbur olacağında narahatdır.
Lakin Ankara keçən həftə daha bir qaçqın dalğasının qarşısını almaq üçün Moskva ilə razılıq əldə edə biləcəyinə işarə edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, iki ölkə qış mövsümündə didərgin düşən suriyalıları yerləşdirmək üçün İdlibdə təhlükəsiz zonanın yaranmasını müzakirə edir.
Türkiyənin Humanitar Yardım Fondu qrupu son beş ayda 450 mindən çox insanın Türkiyə sərhədinə qaçdığını bildirib. Qrup həmçinin sərhəddən 5 km aralıda 10 min ev tikməyi planlaşdırdığını bildirib.