Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Bank 2019-cu ilin yekunlarını açıqladı

Xalq Bank 2019-cu ilin yekunlarını açıqladı

Tarix: 27 Yanvar 2020 12:20

Bakı. Trend:

ASC “Xalq” Bankının 2019-cu ildə fəaliyyətinin nəticələrinə əsasən Bankın əsas maliyyə göstəriciləri stabil olaraq artmaqda davam edir. Bank 2020-ci ilin əvvəlinə aktivlərinin həcmini ötən ilin əvvəli ilə müqayisədə 450.3 mln manat və yaxud 22.42% artıraraq 2.458 mlrd manata çatdırıb. Ötən ilin yekunlarına görə Xalq Bank ölkənin üç aparıcı özəl bankı arasında qərarlaşıb.

Trend-in məlumatına əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 137.3 mln manat (48.59%) artaraq 419.73 mln manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə olan göstəricilərə görə Bankın kredit portfeli 1.830 mlrd manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 447.038 mln manat (32.33%) çoxdur. İlin yekunlarına görə Xalq Bank Azərbaycanın özəl bankları arasında ən böyük kredit portfelinə sahibdir.

2019-cu il ərzində həcmi 36.17% artaraq 1.715 mlrd manata çatan depozit portfeli Banka müştərilərin dərin inam və etibarını nümayiş etdirir.

Bank 2019-cu ili 41.970 mln manat mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan mənfəətin həcmi ilə müqayisədə 57.6% artım deməkdir.

Ötən il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılmışdır. Bank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətini olduqca vacib sayır, 2019-cu ildə müştərilərin istifadəsinə verilmiş “Mərdəkan” filialı Bankın sayca otuzuncu filialı oldu.
2019-cu ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime/(cr) səviyyəsində təsdiq etmişdir (16 aprel 2019).

2019-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində geniş ictimaiyyətə “Mirzə Şəfi Vazeh. Bütün əsərləri” toplusu və Xalq rəssamı Tağı Tağıyevin bədii albomu təqdim olunmuşdur. Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində nəşr olunan külliyatının təqdimatı Bakıda və Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Bununla bağlı nüfuzlu Hümboldt universitetində elmi konfrans təşkil edilmişdir.

Ötən il fəaliyyətə başlamasının 15 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Bank 2019-cu il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personalın səyi, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xalq Bank 2019 ilin yekunlarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ