Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 18:14
Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni" QSC-də "2019-nCoV" koronavirusla əlaqədar mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.
Qurumdan Trend-ə verilən məlumata görə, "Bakı Metropoliteni"ndə sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir.
Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, "Bakı Metropoliteni"ndə sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur. Ümumən, "Bakı Metropoliteni" QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir:
"Fürsətdən istifadə edərək, "Bakı Metropoliteni" QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir. Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlğının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin metropolitendə təmizliyin qorunması baxımından vacibdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin