Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 16:10
Ötən il Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 31 milyon ton (233 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 296 tankerə yüklənib.
Sonxeber.net xəbər verir ki, "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 138 milyon dollar, əsaslı xərclərə isə təqribən 44 milyon dollar sərf olunub.
1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan keçən ilin sonunadək BTC ilə ümumilikdə 447 milyon tondan çox (təxminən 3,35 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4381 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
"BTC Co."nun səhmdarları belədir: BP (30,1 faiz), "AzBTC" (25 faiz), "Chevron" (8,9 faiz), "Equinor" (8,71 faiz), "TPAO" (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,4 faiz), "Inpex" (2,5 faiz), "ExxonMobil" (2,5 faiz) və "ONGC (BTC) Limited" (2,36 faiz).