Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bu gün üzdə yoxuq deyə, zəng edən də yoxdur” - Vüqar Nadirov

“Bu gün üzdə yoxuq deyə, zəng edən də yoxdur” - Vüqar Nadirov

Tarix: 7 Fevral 2020 17:34

Milli komandamız və "Qarabağ"ın sabiq üzvü, hazırda Regionlar Liqasında çıxış edən "Baku Sporting"in idman direktoru olan Vüqar Nadirov Qol.az saytına müsahibə verib.

Milli.Az həmin müsahibəni təqdim edir:

- "Baku Sporting"də işlər necə gedir?

- Yaxşıdır. Burada 2008, 2009, 2010, 2011, 2012-ci təvəllüdlü uşaqlar çıxış edir. Əsasən aşağı yaş qruplarını götürməyə çalışırıq. 14-15 yaşlı uşağa nə öyrətmək olar ki? Futbol da əlifba kimidir. Əlifbanı bilməsən, dərsə gedə bilərsən? Birinci gərək əlifbanı biləsən. Təməl olandan sonra uşaq hər bir şeyi öyrənir. Uşaqlarla böyüyəndə necə futbolçu olmaq lazımdır, nələri etmək lazımdır, bunlar barədə danışırıq. Çalışırıq ki, etdiyimiz səhvləri bu uşaqlar təkrarlamasınlar. Bu səhvləri onlara göstəririk.

- Sizin orada fəaliyyətiniz nədən ibarətdir?

- Kateqoriyalı məşqçilərimiz var. Onlarla əməkdaşlıq edərək uşaqlara bildiklərimizi öyrədirik.

- Klubun əsəs ideyası futbolçu yetişdirməkdir, yoxsa başa planlarınız da var?

- Bəli. Bu vaxta kimi heç yerdə tanınmış futbolçunun uşaqlarla işlədiyini görməmişəm. Görmüsünüzsə, mənə də deyin. Bəlkə mən səhv edirəm? Dünya futbolunda Ruud Van Nistelroy balaca uşaqlarla çalışır, onları hazırlaşdırır. Bunun özü də bir təməldir. O, aşağıdan başlayaraq yuxarıya doğru qalxır.

- Düşünürsünüz ki, sizin uşaqlarla çalışmağınız onlarda futbola həvəsi artırır?

- Əlbəttə. Bu uşaqlar həmişə bizi ancaq televizordan görüblər. Bu gün isə onlar bizi canlı olaraq görür. Onların futbola həvəsləri birə-beş artır. Öz üzərlərində çalışırlar. Uşaqlara izah edirəm ki, bizim vaxtımızda bunları etməyə şərait yox idi. Mən o vaxt "20 yanvar"da həm metroya, həm də avtobusa minib, "Şəfa" stadionuna gedirdim. Qayıdanda da özümə bir dönər alırdım ki, enerjim olsun. Məcbur olub dönər yeyirdim.

Uşaqlara izah edirəm ki, bu gün valideynləriniz əziyyət çəkib sizləri bura gətirir, siz də öz növbənizdə bunun haqqını verməlisiniz. Valideynlərə də həmişə deyirəm, əgər o uşaqda bir qığılcım görünmürsə, onu bura gətirməsin. Bəlkə, o gedib diş həkimi olacaq, bəlkə güclü usta olacaq. Futbolçu olmaq məcburi deyil axı. Belə etmək olmaz. Biz bunları izah edirik. Elə insanlar var ki, bunu başa düşür. Onlara deyirik ki, uşağınız avaralıq etməsin, idmanla məşğul olsun deyə gətirirsinizsə, gətirin. Amma həmin uşaqdan futbolçu olmayacaqsa, bunu valideynlərə deyirik. Onları aldatmaq istəmirik.

- Uşaqlarda futbola həvəs necədir?

- Bu barədə valideynlərlə böyük bir iclas etdik. İclasda bu mövzuya toxunduq. Qeyd etdik ki, böyük futbolçu olmaq istəyirsinizsə, telefondan uzaq durmalısınız, qidalanmanıza fikir verməlisiniz, ketçup, mayonezdən, qazlı sulardan istifadə etməməlisiniz. Qarşınıza məqsəd qoymusunuzsa, bu qaydalara riayət etməlisiniz. Bizim vaxtımızda şərait yox idi, amma futbolçu yetişirdi, ancaq indi şərait var, futbolçu çıxmır.

- Artıq uşaq futbolunun durumu ilə yaxından tanışsınız. Bu sahədə hansı problemlər var?

- Mən 3-4 aydır ki, uşaq futbolunda fəaliyyət göstərirəm. Problem hər yerdə çoxdur. Deməli iş gedir ki, problem də var. İş getməsə, problem də olmaz. Bu hal hər bir işdə belədir. Problem olanda onları qaydasına salmağa çalışırsan.

- Konkret uşaq futbolunda olan çatışmazlıqları bilmək istərdik.

- Valideynlərin futbola yanaşması düzgün deyil. Problemlər haqqında ayrıca danışarıq. Yaxşı uşaqlar var. Sadəcə, onları üzə çıxarmaq lazımdır. Biz də bunun üçün çalışırıq. Onları Avropaya çıxarmaq istəyirik.

- Onları üzə çıxarmaq üçün məşqçilər lazımdır. Bəlkə, bu sarıdan problem var?

- Biz cavan məşqçilərlə çalışırıq. Dediyim kimi, hər biri kateqoriyalı məşqçilərdir. Strukuru elə qurmuşam ki, qapıçılar üçün ayrı, oyunçular üçün ayrı məşqçilərimiz var. Çünki qapıçılar ayrıca olaraq işləməlidir. Hər yaş qrupunda 10 nəfər qapıçı olmalıdır. Onlarla xüsusi olaraq məşq etməlisən. Məşqlərimiz 1-3-5-ci günlər saat 4-dən 6-ya kimi keçirilir. Məqsədimiz yaxşı uşaqlar yetişdirməkdir. Bu gün U-17 heyətimizdə gələcəyin Nadirovu hesab olunacaq oyunçumuz var. Mən o uşaqda potensialı görürəm. Sürət, texnika, hər bir şey var.

- Klubunuzun ayaqda durması üçün maliyyə dayaqları hansı vəziyyətdədir?

- Pis deyil. Sponsorluq edən bir şəxs var. Adını çəkmək istəmirəm. Gələcəkdə ehtiyac olarsa, deyərəm. İndi hər biznesmen futbola pul qoymur. Biznesmen pulu indi qoyub, elə indi də götürmək istəyir. Biz də pillə-pillə qalxmağa çalışırıq.  Məqsədimiz budur. Məşq bazamızda hər bir şərait mövcuddur. Orada trenajor zalı, hovuz, 2 meydança, yeməkxana var. Demək olar ki, futbol üçün hər bir şərait mövcuddur.

-Gələcəkdə hansı işləri görməyi düşünürsünüz?

- Artıq regionlarla əməkdaşlığa başlayacağam, rayonlara gedəcəyəm. Bölgələrdə yaxşı uşaqlar var. Strategiyamızı yavaş-yavaş qururuq. Hollandiya, İspaniya yaxud da İngiltərə yolu gedəcəyik. Biz hər şeyi sistem üzərində quracağıq. Məqsədimiz budur. Adi, "yola verdi" uşaq futbolu istəmirik. Bura gəlmişəmsə, yaxşı uşaqlar yetişdirməyə, gözəl işlər görməyə, onları Avropaya göndərib özlərini yaxşı tərəfdən göstərmələri üçün çalışacağıq. Yetirmələrimizdən artıq İspaniyada çıxış edən 2 oyunçumuz var. Barselonada "Kaptiva" futbol akademiyasında təlim-məşq toplanışındadırlar.

- Futbol funksioneri kimi, yoxsa futbolçu kimi karyeranızı davam etmək niyyətindəsiniz?

- Hələ ki, futbolçu karyeramı başa vurmamışam. Hazırda məqsədimiz uşaq futbolunu inkişaf etdirməkdir. Hədəfimiz Avropaya futbolçu göndərməkdir. Bəlkə, Premyer Liqaya da yüksəldik. Hər şey ola bilər. Əsas odur təməli düzgün quraq, aşağıdan başlamaq lazımdır. Təməlimiz yaxşı olsa, hər yaş qrupunda oyunçu yetişdirə biləcəyik. Bu gün əgər 2 komandamız varsa, növbəti illərdə yarışlarda 5-6 komandamız çıxış edəcək.

- Azərbaycan futbolunun bugünkü mənzərəsi necə görünür?

- Premyer Liqada komandaların sayı çoxalacağına ümid edirəm. Eşitmişəm ki, "Turan Tovuz" və "Kəpəz" Premyer çempionatda mübarizə aparacaq. Əvvəlcə də qeyd etdiyim kimi, problem varsa, deməli, ortada bir iş var və o problemi düzəltmək lazımdır. Harda balaca deşiklər varsa, onları bağlamaq lazımdır ki, həmin yerdən külək gəlməsin.

Çempionatda 8 komanda var. Mənə də 1 komanda ilə 4 dəfə oynayanda pis təsir edirdi. Yəni bu, bir qədər adamı bezdirir. Təsəvvür edin ki, bu eyni adamla 4 dəfə görüşmək kimi bir şeydir. Amma başqa komandalarla oynayan zaman maraqlı olur. Fikrimcə, çempionat normaldır, yaxşı davam edir. Aşağı pillələrdə olan komandalar belə ön pillələrin sahiblərinə müqavimət göstərə bilir. Bu gün "Sumqayıt" "Neftçi"yə müqavimət göstərir. "Qəbələ"də yaxşı gənc oyunçular çıxış edir. Yeganə problem komanda sayının azlığıdır. Çox olarsa, daha maraqlanacaq.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- "Baku Sporting"ə. (gülür)

- Premyer Liqanı nəzərdə tuturam.

- Kim çempion olsa, ona. 

- AFFA milli komandamızın baş məşqçi vəzifəsinə 32 namizədin olduğunu açıqlamışdı. Sizcə, yığmaya yerli ya əcnəbi mütəxəssis gətirilməlidir?

- Qərarı AFFA verir. "Qarabağ"da oynayanda da mənə bu sualı verirdilər. Bildirirdim ki, biz futbolçuyuq, AFFA-nın tapşırığına əməl edirik, meydanda çıxıb öz işimizi görürük. Deyə bilmərəm ki, əcnəbi, yaxud yerli məşqçi olacaq. Mütəxəssislər nə desə, o da olacaq. Azərbaycanlı baş məşqçi gəlsə, pis olmaz. Çünki yerli məşqçi mentalitetimizi bilir, futbolçularımız haqqında məlumatlıdır.

- Yerli namizədlər arasında hansını bu vəzifəyə layiq görürsünüz?

- Nə deyim? Bilmirəm. Birinin adını çəksəm, o birisi məndən küsər. Yaxşısı budur ki, ad çəkməyim.

- Futboldan gedəndən sonra sizə qarşı ögey münasibət yarandığını demişdiniz. İndi vəziyyət necədir?

- Fikrimcə, Avropada belə bir şey yoxdur. Futbolçu nəsə edibsə, bu gün də mətbuat həmin futbolçu ilə maraqlanır. Vaqif Cavadov, Kamran Ağayev, Vüqar Nadirov oynayanda telefonları susmurdu, dalbadal zənglər gəlirdi. İndi bəs nə oldu? Bu gün üzdə yoxuq deyə, zəng edən də yoxdur. Mən kiməsə buradan irad bildirmirəm. Karyerasını bitirib-bitirməməyindən asılı olmayaraq jurnalist daim futbolçularla maraqlanmalıdır. Çünki bu futbolçular yaxşı mənada iz qoyub. İz qoymasaydı, başqa məsələ.

- Futbolçu heç yerdə oynamırsa, onun gündəmdən kənarda qalması təbii deyil?

- Zəng edib fikirlərini soruşmaq olar. Həmişə çalışmaq lazımdır ki, futbolçular üzdə qalsın. Çünki bu adam Azərbaycan futbolu üçün əziyyət çəkib. Futbolçular olmasa, jurnalistlər kimdən müsahibə götürər? Maraqsız olar. Həmçinin bu bizimçün də eynidir. Jurnalistlər olmasa, bizimçün də maraqsız olar.

Milli.Az


Etiketlər:  Bu gün üzdə yoxuq deyə zəng edən yoxdur Vüqar Nadirov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ