Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 22:09
Seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik. Bu seçkilər Azərbaycan rəhbərliyinin ölkənin ictimai- siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatlarını əhalinin dəstəklədiyini göstərir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin RF XİN-in saytında yerləşdirilmiş şərhində yer alıb.
Şərhdə deyilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Prezident İlham Əliyevin başçılıq etdiyi hakim Yeni Azərbaycan Partiyası seçkilərdə liderlik edir.
Milli Məclisdəki 125 deputat yeri uğrunda 1314 namizəd mübarizə aparıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə təqribən iki dəfə çoxdur.
Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883), o cümlədən Rusiyadan müşahidəçilər izləyib. Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin müşahidəçilərinin fikrincə, seçkilər milli qanunvericiliyin tələblərinə müvafiq keçirilib, vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktları müəyyən olunmayıb.
RF XİN-dən təəssüflə bildiriblər ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, ATƏT-in Parlament Assambleyasından, habelə Avropa Şurasının Parlament Assambleyasından olan müşahidəçilər reallığa uyğun olmayan qərəzli və subyektiv yekun rəylər bildiriblər.
Şərhdə deyilir: "Ümid edirik ki, Milli Məclisin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında sıx və konstruktiv qarşılıqlı fəaliyyət Rusiya İlə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda davam edəcək".