Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Liviyanın taleyi: Berlin konfransı nəyə təminat verdi?

Liviyanın taleyi: Berlin konfransı nəyə təminat verdi?

Tarix: 12 Fevral 2020 17:45

Milli.Az newtimes.az-ın yazısını təqdim edir:

Şimali Afrikada ciddi münaqişə sayılan Liviyadakı qarşıdurma ilə bağlı Almaniyanın paytaxtı Berlində təşkil edilmiş beynəlxalq konfransa maraq böyük idi. Ekspertlər bu tədbirin Liviyanın taleyində mühüm rol oynayacağına ümid edirdilər. Bu proqnoz qismən özünü doğrultdu. İştirakçılar bir çox məsələlər üzrə razılığa gəliblər. Ekspertlər burada aparıcı rolu Türkiyə və Rusiyanın oynadığını bildirirlər. Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı ilə ayrıca görüş keçirib və vurğulayıb ki, iki dövlətin təşəbbüsü çox əhəmiyyətlidir. İstanbulda və Moskvada aparılan danışıqlar öz bəhrəsini verir. Türkiyə Prezidenti də "əldə edilən nisbi sakitliyin önəmi"ndən danışıb. Konfransın gedişi də göstərib ki, Ankara və Moskvanın geosiyasi çəkisi kifayət qədər ağırdır. Moskvadan qaçan Xəlifə Haftar Berlində masaya oturdulub. Tədbirdə Fransa, Almaniya, Böyük Britaniya, Amerika, Çin, İtaliya, BƏƏ və Misirin nümayəndələri də iştirak ediblər. Ayrıca BMT-nin baş katibi prosesə qatılıb. Bununla da nüfuzlu bir heyətin iştirakı ilə Liviya məsələsi müzakirə olunub. Alınan nəticələrin geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

İlk addım: atəşkəs davamlı olacaqmı?

Liviya indi dünya siyasətinin başlıca məsələlərindən biridir. Yalnız ona görə yox ki, bu ölkədə silahlı toqquşmalar getdikcə daha çox can alır. Həm də ona görə ki, Liviya on illər müşahidə edilən və obrazlı desək, "xaosu genişləndirmə" siyasətini ifadə edən prosesin dayanma və ya davam etmə nöqtəsidir. Beynəlxalq aləm Liviyada qanlı toqquşmaları dayandırıb barış məcrasına yönəldə bilsə, bütövlükdə bəşəriyyət qazanmış olacaq. Çünki illərdir cövlan edən dağıdıcı zəncir sınmış olacaq.

Bu baxımdan Liviya problemi ilə bağlı təşkil olunan Berlin konfransına ekspertlər böyük diqqət yetirirdilər. Almaniya bu tədbiri üzərinə götürməklə maraqlı bir gediş etdi. İki nöqteyi-nəzərdən bunun əhəmiyyəti vardı. Birinci odur ki, Avropada əsas olaraq Fransa Liviya məsələsində özünü üstün mövqedə sayır. Almaniyanın təşəbbüsü ələ alması geosiyasi balansa yeni nisbət verə bilər. İkinci əhəmiyyətli məqam Almaniyanın Türkiyə və İtaliyanın mövqeyinə yaxın bir yerdə olması üsyançı general X.Haftarı dəstəkləyənlərə müəyyən xəbərdarlıqdır. Yəni Liviya problemini hərbi yolla həll etmək imkansızdır. Bu isə o deməkdir ki, hərbi gücdən başqa bir arqumenti olmayan X.Haftar özü üçün nəticə çıxarmalıdır.

Konfransa Almaniya, Rusiya, Türkiyə, Fransa, ABŞ, Çin, İtaliya, Misir, BƏƏ, BMT, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı nümayəndələri ilə yanaşı, münaqişə iştirakçıları olan Faiz Sarac və X.Haftarın da dəvət edilməsi əhəmiyyətli hal idi. İlk dəfə idi ki, bu cür yüksək səviyyəli tədbirdə Liviyada münaqişə edənlər iştirak edirdilər. Lakin onlar konfransın gedişində gözə dəymədilər. Başqa formatda onlarla aparılan danışıqlar atəşkəs haqqında razılığın əldə olunması ilə nəticələnib.

Belə çıxır ki, artıq beynəlxalq aləmin böyük əksəriyyəti münaqişə edən tərəflərə anladırlar ki, hərbi əməliyyatların bir nəticəsi olmayacaq. Yalnız X.Haftara arxa duran BƏƏ-nin mövqeyi müəyyən deyildi. Konfransda bu ölkə də X.Haftara atəşkəsə əməl etməyi məsləhət görüb. Görünür, BƏƏ dünyanı qarşısına almaqdan çəkinir.

Ekspertlər üçün maraq doğuran məqamlardan biri BMT-nin bu prosesdə iştirakı olub. Bu təşkilatın baş katibi tədbirdə iştirak edib və münaqişəni ancaq danışıqlar yolu ilə həll etmək zərurətindən danışıb. O cümlədən BMT-yə aid qüvvələrin Liviyada atəşkəsin saxlanması prosesində iştirakı razılaşdırılıb. Bununla da bu ölkədəki proseslərə artıq dünyanın nəzarət edə biləcəyi imkanı yaranıb. Görünür, bununla silahlı toqquşmaya üstünlük verənlərin əl-qolu bağlanır.

Həmin aspektdə ekspertlər düşündürücü bir məqamı vurğulayırlar. Berlin konfransının gedişində X.Haftara bağlı güclərin Liviyanın Avropaya əsas neft ixrac limanları olan Brega, Ras Lanuf, Hariga, Zuveytine və Sidra limanlarını bağladıqları haqqında informasiyalar yayıldı. Ekspertlər burada məqsədin üsyançıların Fransa üçün əlavə şərait yaratması olduğunu vurğulayırlar. Yəni Emmanuel Makron "Liviyada hökumət hər şeyə nəzarət edə bilmir" sözünü demək imkanı qazanır. Həm də həmin limanların nefti Avropaya ixrac etdiyi məlum olub. Konfransın yekun sənədi göstərir ki, Fransanın bu manevri elə bir nəticə verməyib.

Ekspertlər konfransın yekun bəyannaməsində 55 maddə üzrə razılığın əldə olunmasını müsbət hal kimi qiymətləndirirlər. Çünki bu, artıq dünya ictimaiyyətinin münaqişəyə ciddi yanaşmasının təsdiqidir. İtaliyanın baş naziri Cüzeppe Konte də bu məqamı müsbət qiymətləndirir. O, 55 maddədə razılığın olmasını "irəliyə doğru addım" kimi dəyərləndirib. Həmin maddələr sırasında atəşkəs, silah embarqosu, dəqiq müəyyən edilmiş siyasi proses, atəşkəsə əməl edilməsini izləyəcək ortaq əsgəri komitə üzvlərinin müəyyən edilməsi, Liviyada vahid təhlükəsizlik sisteminin formalaşdırılması, vahid və bütün əraziyə nəzarət edə biləcək hökumətin təşkili, BMT-nin situasiyaya nəzarət sisteminin formalaşdırılması və s. kimi əhəmiyyətli punktlar vardır. BMT-nin müşahidə qrupunda dörd ayrı qrup fəaliyyət göstərməlidir. Və bütün bunlar müsbət addımlar kimi xarakterizə olunur.

Maneələr: xarici oyunçular və daxili oyuncaqlar

Ancaq diplomatlar onu da vurğulayırlar ki, proseslərin rəvan keçəcəyinə ümid etmək tezdir. Almaniyanın xarici işlər naziri Hayko Maas konfransdan sonra bəyan edib ki, "qarşıda çox çətin bir mərhələ var və bir konfransla münaqişənin həll edildiyinə arxayın olmaq doğru deyil". Şübhəsiz ki, ortaya bir sıra maneələri çıxaracaq qüvvələr tapılacaq. Lakin ortaq iradə olsa, bu prosesi başa çatdırmaq mümkündür.

Bütün bunlarla yanaşı, ekspertlər başqa bir məqam üzərində də dayanırlar. Məsələ ondan ibarətdir ki, əsas problemlər qarşıdadır. İndiki mərhələdə əsas rolu Rusiya və Türkiyə oynayıb. Rəcəb Tayyib Ərdoğan və V.Putinin razılığa gəlməsi ilə Liviyada atəşkəs əldə edildi. Ankara özünü meydanda təsdiq edəndən sonra anladılar ki, Türkiyəsiz problemi yoluna qoymaq mümkün deyildir. Burada həlledici rolu Liviyanın qanuni hakimiyyəti ilə rəsmi Ankaranın dəniz sərhədlərindən istifadə ilə bağlı müqavilə bağlaması oynadı. Nə qədər etiraz etsələr də, beynəlxalq qanunlara görə, Türkiyə Liviyadakı tanınmış hökuməti müdafiə etmək hüququ qazandı və Tripoliyə hərbi qüvvə göndərildi. Bu, hərb meydanında F.Saracın əlini gücləndirdi. Aydın oldu ki, X.Haftar hərbi yolla paytaxtı işğal edə bilməyəcək. Deməli, yeganə yol danışıqlar və kompromisdir.

Beynəlxalq miqyasda da həmin müqavilə ciddi rol oynadı. İsrail, Misir, Yunanıstan və Kiprin yunan hissəsinin hökumətinin ortaq qaz layihəsinin reallaşması imkansız hala gəldi. Bunun üçün onlar Liviya və Türkiyədən icazə almalıdırlar. Ankaranın isə şərti budur: həmin layihədə Kıbrıs türklərinin də maraqları nəzərə alınsın. Bu şərtə də yunanlar ciddi etiraz edirlər. Həmin səbəbdən Təl-Əvivin liderliyi ilə reallaşması nəzərdə tutulan layihənin taleyi qeyri-müəyyənliyə düçar oldu.

Belə çıxır ki, Liviyada siyasi-diplomatik oyunlar bundan sonra başlayır. İndi tərəflər atəşkəsə dair razılığa gəliblər, silah alınmasına nəzarət etməyə çalışırlar, BMT-nin müşahidə qrupu orada olacaq. Ancaq Liviyada siyasi hakimiyyətin qurulması və sabitliyin təmin edilməsi məsələsi mürəkkəb olaraq qalır. Deyək ki, X.Haftar hansı tələbləri qoyacaq və ya F.Sarac ortaq hökuməti necə təsəvvür edir? Burada daha çox həmin qüvvələrin arxasında dayanmış xarici güclərin maraqları uzlaşdırma həvəsindən çox şey asılı olacaq.

Bu məqamda ekspertlər konfransın gedişində özünü göstərən bir neçə nüansa diqqət yönəldirlər. Onlardan biri Mayk Pompeonun V.Putinin qulağına nəsə pıçıldaması ilə bağlıdır. Onu eşitməyiblər, lakin ABŞ-ın dövlət katibi Tvitter səhifəsində yazıb ki, "xarici qüvvələr Liviyaya müdaxilə etməyib, hər şeyi liviyalıların öz öhdəsinə buraxmaq lazımdır". Ekspertlər bu fikrə təəccüblənirlər. Çünki Liviyaya ilk müdaxiləni 2011-ci ildə məhz Amerika edib. O zaman Vaşinqtonun yanında Fransa da vardı. İndi isə bu iki dövlət "xarici müdaxilə"dən hansı haqla danışa bilər?

Məsələnin bu cür qoyuluşu ekspertləri Makron-Putin söhbətini Angela Merkelin maraqla izləməsi aspektində də maraqlandırıb. Onlar hesab edirlər ki, Berlin özünə qarşı bir oyunun hazırlanmasından şübhələnir. Bununla aydın olur ki, bir sıra dairələr hələ bundan sonra da "xarici dağıdıcı müdaxilə" faktorundan öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Bu baxımdan Liviyada davamlı sülhə hələ çox məsafə vardır.

Beləliklə, Berlin konfransı Liviyada bir mərhələnin sonu, digərinin başlanğıcı ola bilər. Orada savaşan tərəflər hərbi əməliyyatları səngidə bilərlər. BMT-nin müşahidəçiləri də müəyyən sabitlik yaradarlar. Lakin silah embarqosuna əməl olunacaqmı? Olsa belə, indi Liviyada mövcud olan silahlar uzun müddət savaşmağa kifayət edir.

Bu münaqişənin arxasında dayanan region dövlətləri sakit dayanacaqlarmı? Onlar Liviyadan hansı paya iddialıdırlar? Nəhayət, Liviya sülhünün memarları Türkiyə və Rusiya sona qədər həmfikir olacaqlarmı? X.Haftarı Moskva dəstəkləməyə davam edəcəkmi? F.Sarac hansı məqama kimi barışa razı olacaq? Bu kimi suallar Berlin konfransından sonra da aktuallığını saxlayır. Bütün hallarda bu tədbir müsbət qiymətləndirilməlidir. Çünki X.Haftarın tabeliyindəki qüvvələr artıq Türkiyə və Rusiyanın atəşkəslə bağlı birgə çağırışını qəbul edib, böhranın siyasi yolla həlli istiqamətində ilk addım atılıb, geniş miqyasda insanlar həlak olmur və ölkədən miqrasiya köçü böyümür.

Milli.Az


Etiketlər:  Liviyanın taleyi Berlin konfransı nəyə təminat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ