Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 10:36
Sonxeber.net Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyevin Trend-ə müsahibəsini təqdim edir:
- Azərbaycanda "Könüllülər ili"nin elan edilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- 2019-cü il 30 dekabr tarixi Azərbaycan könüllülük hərəkatının tarixində çox əlamətdar günlərdən biri kimi qalacaq. Bu tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən on minlərlə insanımızın maraqlarına cavab verən bir Sərəncam imzalandı və 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan olundu."Könüllülər ili"nin elan olunması 2012-ci ildən geniş vüsat almağa başlayan Azərbaycan könüllülük hərəkatının daha da genişlənməsinə xidmət edəcək. Düşünürəm ki, ölkə rəhbərliyinin bu Sərəncamı könüllülərin əməyinə verilən yüksək qiymətdir və könüllü olmuş şəxslərə əlavə motivasiya rolunu oynayacaq. Təbii ki, bu sərəncam hər bir könüllü düşüncəsi ilə yaşayan şəxsə və respublikamızda fəaliyyət göstərən müxtəlif könüllülük hərəkat və qruplarına toxunur. Amma ən əsası bu sərəncam könüllülüyün bizim bir milli-mənəvi dəyər kimi dövlətimizin mühafizəsində olduğundan xəbər verir.
Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin başlandığı, Qarabağ müharibəsi illərini yada salmaq istərdim. Hamımız bilirik ki, Azərbaycan yenicə müstəqillik eldə etmişdi və nizamlı ordumuz yox idi. Vətənimiz, qadın və uşaqlarımız, yaşlı insanlarımız təcavüzə məruz qaldılar. O dövrdə məs könüllü sürətdə cəbhəyə yollanan soydaşlarımız düşmənlə mübarizəyə qalxdılar. Onların arasında Vətəndən kənarda yaşamalarına baxmayaraq Vətənin bu durumuna biganə qalmayan onlarla insanımız oldu. Cəbhəyə yollanan könüllülərdən bəziləri geri öz ailələrinə, valideynlərinə, uşaqlarına, həyat yoldaşlarına, dostlarına və s. dönə bilmədilər. Onlar Vətən uğrunda şəhid oldular. Bunları qeyd etməkdə məqsədim könüllü adının bizim üçün nə qədər uca və ali olduğunu bir daha göstərmək idi.
Fikrimcə, cənab Prezidentin bu sərəncamı əslində təkcə bugünki könüllülərin deyil eyni zamanda Azərbaycan tarixində könüllü olmuş bütün şəxslərin xidmətinə verdiyi yüksək qiymətdir. Könüllülük bir dəyərdir. Mən burada ölkə rəhbərliyinin 2020-ci il 12 fevral tarixində Kürdəmir "ASAN həyat" kompleksinin açılışı zaman söylədiyi fikri qeyd etmək istərdim: "Könüllülük bu il qlobal məqsədlərlə yanaşı kiçik məqsədlərə də xidmət edəcək. İnanıram ki, bu il bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları könüllülük istiqaməti üzrə müxtəlif layihələr edəcəklər.
- Könüllülər ilinin elan edilməsi ölkəmizdə könüllülər hərəkatının inkişafına hansı töhfələr verəcək?
- 2020-ci ilin "Könüllülər ili" kimi elan edilməsi bütün könüllü olmuş şəxslər və təşkilatlar üçün çox əhəmiyyətlidir. Azərbaycanda könüllülüyün dərin milli-mənəvi və tarixi kökləri vardır, lakin sistemli şəkildə bu fəaliyyət 2012-ci ildən "ASAN xidmət" konsepsiyasının irəli sürülməsi ilə inkişaf etməyə başlayıb. Ölkəmizdə könüllülük sistemi hələki cavandır və görüləsi kifayət qədər işlər vardır. Qeyd etdiklərimi nəzərə alsaq ölkə rəhbərliyi tərəfindən "Könüllülər ili" elan olunması bu proseslərə güclü bir təkan verəcək. Bir anlıq könüllülük sahəsinə nəzər yetirsək, görərik ki, burada bir canlanma vardır.
Bildiyiniz kimi 2019-cu ilin 1 fevral tarixindən sonra cənab Prezidentin müvafiq göstərişi ilə demək olar ki, bütün dövlət qurumlarında gənclər üçün könüllü olmaq imkanı yaradıldı. Və bununla müxtəlif könüllü hərəkatları və qrupları yaradıldı. Hazırda bu qruplar arasında sağlam bir rəqabət formalaşıb. İnanıram ki, daxili rəqabət hissi "Könüllülər ili" çərçivəsində yeni-yeni təşəbbüslərin, ideya və layihələrin ərsəyə gəlməsinə təkan verəcək. Sistemdaxili rəqabətin mərkəzində Azərbaycan könüllüsü durur yəni, bütün hallarda gedən proseslər könüllülərin fərdi inkişafına xidmət edəcək və uzaq perspektivdə biz yeni təfəkkürlü, muasir düşünən, milli-mənəvi dəyərlərə bağlı olan yeni nəsli görəcəyik.
- Könüllülər ili çərçivəsində ASAN könüllülük hərəkatı tərəfindən hansı işlərin görülməsi nəzərdə tutulub?
- İlk öncə bildirmək istərdim ki, ASAN könüllülük hərəkatı iki əsas platforma üzərindən həyata keçirilir. Onlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkil etdiyi və əsasən cari könüllülük fəaliyyətini əhatə edən ASAN Könüllülük Məktəbi digəri isə ASAN könüllülərinin özlərinin müstəqil şəkildə qurduqları və ümumilikdə 22000-dən çox könüllünü əhatə edən ASAN Könüllülük Təşkilatıdır. Hər iki platformanın əsas qayəsi könüllülərin fərdi inkişafı və bacarıqların əldə olunmasıdır. Bu səbəbdən ASAN Könüllülük hərəkatı xüsusən bu il fərdi inkişaf yönümlü layihələrin sayını artıracaq və məzmununu daha da zənginləşdirəcəkdir. Bununla yanaşı dövlətçilik və vətənpərvərlik hissinin aşılanması, sahəvi bilik və bacarıqların əldə olunması, azərbaycan mədəniyyətinin təbliğ edilməsi, rəqəmsallaşma prosesinin dəstəklənməsi, innovativ ideya və layihələrinin reallaşdırılması, ekoloji təfəkkürün formalaşdırılması, karyera quruculuğu prosesinin dəstəklənməsi və s. əsas fəaliyyət istiqamətlərimiz olacaqdır.