Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabiq məmurlar məhkəmə önündə hansı faktlarla spekuliyasiya edir?'' - Keçmiş nazirin təmsilçisi ittihamlara cavab verdi

''Sabiq məmurlar məhkəmə önündə hansı faktlarla spekuliyasiya edir?'' - Keçmiş nazirin təmsilçisi ittihamlara cavab verdi

Tarix: 2 Mart 2020 12:04

Kemiş Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun hüquqi təmsilçisi mətbuatda ona yönəlik ittihamlara cavab verib.

Bildirək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı aparılır. Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə Departamentin baş mühasibi İlqar Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib. Yalnız İlqar Hacıyev həbsdədir.

"Pulların bir hissəsini alpinistlərin axtarışına xərcləmişik" - Mənimsəmədə suçlanan məmur

Məhkəmə prosesinə istinad olunaraq mediada sabiq nazirin də ünvanına bir sıra ittihamlar səslənib. 

Hüseyn Bağırovun hüquqi təmsilçisi Sonxeber.net-a göndərdiyi açıqlamda ittihamlara cavab verməyə çalışıb:

"Sabiq ekologiya və təbii sərvətlər naziri, vətəninə, dövlətinə və xalqına sədaqətlə, vicdanla, şərəflə, səhhəti bahasına alnıaçıq və üzüağ şəkildə uzun illər xidmət göstərmiş, vəzifəyə təyin edilənə qədər özəl sektorda uğurlu və şəffaf fəaliyyəti ilə tanınmış, nüfuzlu, 90-cı illərin əvvəllərindən başlayaraq uzun illər ərzində böyük məbləğdə vergilər ödəmiş və bütün bu cür nümunəvi fəaliyyətinin nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin edilmiş, tutduğu vəzifədən şərəflə və təşəkkürlə uğurlanmış Hüseynqulu Bağırov barəsində ara-sıra bəzi mətbuat orqanlarında yalan və böhtan xarakterli, heç bir əsası olmayan materiallar yayımlanır. 

Son günlər müvəkkilərinə ucuz yollarla yardım etdiklərini göstərən, istinad və iştirak etdikləri cinayət işinin materiallarından xəbəri və məlumatı olmayan, bulaşdıqları çirkabı ona, buna atmağa çalışan şəxslər tərəfindən bəzi mətbu orqanlarda yazılar yazdırılmaqdadır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup vəzifəli şəxsinin cinayət işi üzrə məhkəmə iclası davam etdiyi bu günlərdə həmin məhkəmə işinə "istinad" etməklə yazılan məlumatlar tamamilə ağ yalan və cinayət işinin materiallarında olan mötəbər sübutların əks ifadəsindən başqa bir şey deyildir. 

Bu günədək bəzi mətbuat orqanlarında sabiq nazir barəsində gedən böhtan xarakterli məlumatlara tərəfimizdən cavab verilməmiş, verəcəyimiz cavabın öz peşələrini vicdanla icra etmək əvəzinə şou yaratmaqla məşğul olan şəxslər tərəfindən azad mətbuata müdaxilə hesab edilməklə özlərinə haqq qazandırılmağa çalışılacağını öncədən görmüş, hətta özünü jurnalist adlandıran "vəsiqəlilər"dən birinin "Sizin şəffaf şəkildə və böyük məbləğlərdə ödədiyiniz vergilər bizi az maraqlandırır" kimi ifadələrlə qarşılaşmışıq. 

Lakin bu gün peşələrindən və iştirak etdikləri məhkəmə işlərindən xəbəri olmayan şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə ötürülən yalan və böhtan xarakterli məlumatlar bizi açıqlama verməyə, həmin şəxsləri və onlara çıraq tutan mətbuat orqanlarını cəmiyyət qarşısında ifşa etməyə və onlara qarşı bundan sonra tərəfimizdən qanun çərçivəsində tədbirlər görüləcəyini bildirməyə məcbur etmişdir. 

Sabiq nazir barəsində son dövrlər bəzi mətbuat orqanlarında gedən məlumatlarla bağlı ictimaiyyətin və həqiqət axtarışında olan kütləvi informasiya vasitələrinin diqqətinə çatdıraraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirməməklə yanaşı yalan və böhtan xarakterli olmaqla, onları yayan şəxsin məsuliyyətini də nəzərdə tutur. 

Açıq məhkəmə prosesi davam edən cinayət işinin materialları ilə səthi də olsa tanış olan hər bir şəxs bilir ki, külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər. 

Belə ki, yuxarıda qeyd edilən cinayətləri törətməkdə təqsirləndirilən, ibtidai istintaq zamanı özlərini tam təqsirli bilən, hətta vurulmuş ziyanının bir hissəsini ödəmiş şəxslər (qeyd: mənimsənilmiş və israf edilmiş vəsaitlərin bir hissəsi iki təqsirləndirilən şəxs - Əkbər Həsənov və İlqar Hacıyev tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Özünü ibtidai istinaq dövründə tam təqsirli bilən, məhkəmə istintaqı zamanı bundan boyun qaçıran İlqar Hacıyev niyə və hansı səbəbdən hələ cinayət işi açılmamışdan 9 ay, onun barəsində ittiham elan edilməmişdən isə 1 il 2 ay öncə mənimsədiyi vəsaitlərin bir hissəsini dövlət büdcəsinə ödəmişdir?! Maraqlı nüansdır, deyilmi?!) öz əməllərini H.Bağırov vəzifəsindən ayrıldıqdan sonra törətmişdir ki, bütün bunlar da iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istintaq orqanına və məhkəməyə təqdim etdiyi yazılı sübutlarla, hazırda təqsirləndirilən şəxslərin istintaqdakı ifadələri ilə, o cümlədən də istintaq orqanının əldə etdiyi digər mötəbər sübutlarla təsdiq edilməkdədir. 

Əlavə olaraq aşağıdakıları geniş ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdıraraq bu hallara diqqət yetirmələrini istəyirik: 

1. Sabiq nazirin etimad göstərdiyi və etibar etdiyi şəxslər bu gündə də nazirlikdə yüksək vəzifələrdə işlərini davam etdirməkdədirlər, hətta bir çoxları əvvəllər tutduqları vəzifələrdən daha yüksək vəzifələrə təyin edilmişlər.

2. Cinayət işində təqsirləndirilən şəxslərdən Əkbər Həsənov Milli Hidrometereologiya Departamentinin direktor müavini olmuş, həmin Departamentin direktoru nazirliyin mərkəzi strukturunda fəaliyyətini davam etdirməyə başladıqdan sonra əvvəlki direktorunun vəzifələrini icra etmişdir. Həmin Departamentdə Əkbər Həsənova rəhbərlik etmiş sabiq direktor isə hazırda daha yüksək postda - yeni nazirin müşaviri vəzifəsində çalışmaqdadır. 

3. Cinayət işində təqsirləndirilən şəxslərdən İlqar Hacıyev 2014-cü ildən 2018-ci ilin sonunadək Departamentin baş mühasibi vəzifəsində çalışmış, 2014-cü ildən H.Bağırov vəzifəsindən azad edildiyi dövrədək Hesablama Palatası tərəfindən həmin Departamentdə aparılmış yoxlamalarda hər hansı bir qanunsuzluq, yeyinti halı aşkar edilməmişdir. Bütün bunlar isəəsl həqiqətin nədən ibarət olduğunu göstərir. 

4. Sabiq nazirin dövründə də nazirliyin bütün strukturlarında mütəmadi olaraq yoxlamalar aparılmış və pozuntulara yol vermiş şəxslər barəsində məlumatlar müvafiq tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Təsadüfi deyil ki, mətbuat orqanlarında bu tip yoxlamalarla bağlı mütəmadi olaraq məlumatlar da dərc edilmişdir. Və təbii haldır ki, Nazirliyin yeni rəhbərliyi də müəyyən etdiyi neqativ hallarla bağlı materialları hüquq-mühafizə orqanlarına təqdim edib".


Etiketlər:  Sabiq məmurlar məhkəmə önündə hansı faktlarla spekuliyasiya edir Keçmiş nazirin təmsilçisi ittihamlara cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ