Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 16:48
"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır".
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib:
"Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır. Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.
Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar nəinki xalqın, dövlətin etimadını doğru, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı.
Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq.
Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.
Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir.
Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır.
Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır.
Əgər işlər düzgün qurularsa, rayonların potensialı kifayət qədər böyük ola bilər. Neftçala rayonunda sənaye zonası yaradılıb. Deyə bilərəm ki, rayonların arasında birinci sənaye zonası Sumqayıtdan sonra Neftçala şəhərində yaradılıb və artıq fəaliyyətə başlayıb. Azərbaycanda avtomobillər Neftçalada istehsal olunur və bu sənaye zonasının gələcək inkişafı ilə bağlı konkret təkliflər verilməlidir. Hesab edirəm ki, Neftçalada balıqçılıq sənayesinin çox böyük perspektivləri var. Baxmayaraq biz Xəzər dənizinin sahillərində yerləşirik, əfsuslar olsun ki, özümüzü balıqla təmin edə bilmirik, idxaldan asılıyıq. Eyni zamanda, balıqçılıq təsərrüfatlarının yaradılması geniş vüsət almayıb. Mövcud olan təsərrüfatların böyük hissəsi çox primitiv səviyyədədir. Ona görə balıqçılıq həm bizim qeyri-neft sektorumuzun önəmli sahəsi ola bilər, eyni zamanda, ixracyönümlü sahə ola bilər və olmalıdır. Ona görə investorları bu sahəyə cəlb etmək üçün mütləq işlər aparılmalıdır.
Eyni zamanda, hesab edirəm ki, Neftçala rayonunun turizm potensialı da çox perspektivli ola bilər. Bu günə qədər rayonda turizmlə bağlı demək olar ki, heç bir iş görülməyib. Halbuki Bakıya o qədər də uzaq deyil, yaxşı yollar da çəkilir. Hesab edirəm ki, orada da turizm infrastrukturunun yaradılmasına ehtiyac var. Əlbəttə ki, kənd təsərrüfatı Azərbaycanın hər bir rayonunun önəmli sahəsidir, əməktutumlu sahədir. Bu sahəyə də diqqət yetirilməlidir.
O ki qaldı, İsmayıllı rayonuna, hesab edirəm ki, İsmayıllı rayonunun əsas inkişaf potensialı turizm və kənd təsərrüfatı ilə bağlıdır. İsmayıllı rayonunun çox mənzərəli, səfalı yerləri, zəngin təbiəti vardır. Ona görə bu imkanlardan tam şəkildə istifadə olunmalıdır. Dövlət isə öz tərəfindən bundan sonra da infrastruktur layihələrinin icrası ilə bağlı önəmli addımlar atacaq. Necə ki, bu yaxınlarda Lahıc qəsəbəsinə yeni yolun çəkilişi təmin edilib. Bu da əvvəlki yola nisbətən xeyli təhlükəsiz yoldur və məsafə baxımından Bakıdan daha qısa yoldur və Şamaxı rayonundan düz Lahıc kəndinə gəlir. Yolun açılışını mən şəxsən etmişəm. Özüm sükan arxasında bu yolu getmişəm və artıq turistlər üçün Lahıca gəlmək imkanı daha da genişdir. Eyni zamanda, Lahıc qəsəbəsinin qazlaşdırılması, yeni məktəbin tikintisi həll olunub. Bizim digər tarixi kəndimiz olan Basqalın tarixi irsinin qorunması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. Bu da bu kəndin tarixinə, keçmişinə və zəngin mədəni irsinə Prezident tərəfindən verilən yüksək qiymətdir. Çünki çox nadir hallarda Prezident tərəfindən hansısa kəndin inkişafı ilə bağlı Sərəncam imzalanır. Düzdür, bu məsələlər daim diqqət mərkəzindədir. Hər bir kənd mənim üçün doğmadır və əzizdir, amma Azərbaycanın müxtəlif bölgələrində tarixi yaşayış yerləri vardır ki, onlara dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Basqal kəndinin gələcək inkişafı ilə bağlı əsas amillər tarixi keçmişimizi qorumaq və turizm imkanlarımızı genişləndirməkdir.
Bir sözlə, hesab edirəm ki, kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanlar var və siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi.
Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız".