Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 17:06
"Bakı Telefon Rabitəsi" MMC və nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzlərində dezinfeksiya işləri aparılır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, NRYTN Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin strukturuna daxil olan, eyni zamanda strukturuna daxil olmayan tabeliyindəki qurumların çağrı mərkəzlərinə vətəndaşlar tərəfindən gələn sorğuları nəzərə alıb, NRYTN-nin, xüsusilə müvafiq qurumların bu istiqamətdə gördüyü işlər mütəmadi olaraq KİV, nazirlik və qurumların rəsmi saytları və sosial media hesablarında işıqlandırılır. Məqsəd virusun yayılmasının qarşısını almaqla yanaşı, görülən işlərlə bağlı ictimaiyyəti, vətəndaşları məlumatlandırmaq, yarana biləcək narahatlıq və narazılığı aradan qaldırmaqdır.
"Bakı Telefon Rabitəsi" MMC və nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzləri, ATS-lər, "AzEvroTel" telekommunikasiya operatoru, "Azərrabitəlayihə" MMC-də yeni növ koronavirusun (2019-nCoV) profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir.
Koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədilə "Baktelecom"un nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərinə təqdim edilib. "Qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" işçiləri virus infeksiyası barəsində təlimatlandırılıb. "Baktelecom"a aid xidmət mərkəzləri, qurum və bölmələrdə gücləndirilmiş qaydada dezinfeksiya işlərinin təşkilinə başlanılıb. Məlumatın dəqiq və vaxtında toplanması məqsədilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.
Koronavirusun qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsi üçün "Baktelecom"un İnzibati binası, xidmət mərkəzləri, qurum və bölmələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış məlumatların Azərbaycan dilində tərtib edilərək yerləşdirilməsinə başlanılıb.
Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və s. kimi profilaktik vasitələr tədarük edilib.
Həyata keçirilən "Evədək optika" layihəsi çərçivəsində, eləcə də digər telekommunikasiya xidmətlərinin təminatı zamanı əhali ilə təmasda olan əməkdaşların təlimatlandırılması, onların ilkin qoruyucu vasitələrlə (tibbi əlcək, tibbi və N95 tipli maskalar və spirt tərkibli daşınan sanitayzerlər) təmin edilməsinə göstəriş verilib.