Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 17:20
Roma Papası Fransisk Fransanın Lion şəhərinin arxiyepiskopu Kardinal Filip Barbarinin vəzifəsindən istefa ərizəsini qəbul edib.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə cümə günü Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat verib.
2019-cu ilin martında Fransa məhkəməsi Kardinal Barbarini şərti olaraq altı ay müddətinə azadlıqdan məhrum edib. Buna səbəb kardinalın öz arxiyeparxiyasının keşişləri tərəfindən yetkinlik yaşına çatmamış şəxslərə qarşı cinsi zorakılıq halları barədə mülki orqanları məlumatlandırmaması olub. İstintaqın məlumatına görə, bu cinayətlər 2014-cü ilin iyulundan 2015-ci ilin iyununadək törədilib.
Bu qalmaqallı iş üzrə doqquz nəfər şikayət verib. Zərərçəkənlər pedofil keşişlərin qurbanına çevrildiklərini iddia ediblər. Söhbət, xüsusilə, keşiş Bernar Preynadan gedir. Onun cinayətlərini uzun müddət Lion arxiyeparxiyasının görkəmli simaları ört-basdır ediblər. Məlumatlara görə, 70-ə yaxın yetkinlik yaşına çatmamış şəxs onun qurbanı olub.
Zərərçəkənlər kilsə rəhbərliyinin Preynanın cinayətkar əməllərindən xəbərdar olduğunu, lakin ona uşaqlarla ünsiyyət qurmağın qadağan edilmədiyini və onun kilsə məhkəməsinə verilmədiyini iddia ediblər.
Preynaya qarşı Fransada ayrıca məhkəmə prosesi aparılır.
Qeyd edək ki, xristian katolik kilsəsində kardinal Papadan sonra ikinci adamdır. Papa rütbəsinə namizədlər həmişə kardinallar arasında seçilir.