Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 16:32
“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Qol.az saytına müsahibəsi
- Komandanız qış fasiləsindən sonra 6 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 2 dəfə isə uduzub. Bu, ümumən qş fasiləsindən əvvəlki dövrlə müqayisədə daha yaxşı nəticə hesab olunsa da, sanki sabitlik çatışmır.
- Ümumiyyətlə, çempionatın əvvəlindən komandada balans düzgün deyil. Qeyri-sabitlik özünü oyunda da göstərir, nəticədə də. Gördüyünüz kimi, mövsümə yaxşı başladıq və ikinci dövrədən sonra rəqabətsizlik, cəzalı və zədəli futbolçularımızın çox olması nəticə baxımından geriləməyimizə səbəb oldu. Sonra yenidən heyət formalaşdırmağa məcbur olduq. Qışda yaxşı hazırlıq keçdik. Fasilədən sonra mövsümün əvvəlindəki kimi çıxış etdik. Futbolçular yaxşı formada idi. Ancaq getdikcə hiss olunur ki, rəqabətsizlik yenidən nəticələrə təsir edə bilər. Son oyunumuzdan belə nəticəyə gəlmək olur. “Zirə”yə məğlubiyyət onu göstərdi ki, komandada rəqabətsizlik var. Ancaq indi əsas məqsədimiz yerli futbolçulara şans verib, onları üzə çıxarmaqdır. Düşünürəm ki, gələcəkdə bir neçə yerli futbolçunu qazana bilərik. Bununla belə, çempionatda mübarizəmiz də davam edir. Digər rəqiblərdən fərqimiz ondadır ki, daha çox yerli futbolçularla oynayırıq.
- Qış transfer dövründə 5 futbolçu göndərildi və əvəzində 4-ü alındı. Transferlərin az olması işinizə nə dərəcədə təsir edir?
- Heyət kasad olduğu üçün adicə məşqdə 10-10-a futbol oynamağa oyunçu tapa bilmirik. Bəzən planlaşdırdığımız məşqi dəyişməli oluruq. Bu cür çətinliklərimiz var. Ancaq futbolçular hər bir vəziyyətdən çıxmaq üçün əllərindən gələni edirlər. Çalışırlar ki, oyunların hamısını yüksək səviyyədə keçirsinlər. Bəzən bu, 90 dəqiqə alınmaya bilər. Bu da klubda olan ümumi balanssızlığa görədir.
- Yeni transferlər özlərini nə dərəcədə doğruldur?
- Onlardan biri gəncdir – Murad Qayalı. Sadəcə, sıramıza qatdıq ki, inkişaf etsin. Gələcəkdə yaxşı futbolçu ola bilər. Digər üç futbolçu isə təcrübəlidir. Onların bu təcrübəsindən faydalanırıq. Əlbəttə, onlar üçün də çətindir. Hər oyun eyni heyətdə eyni səviyyədə oynamaq çox çətin olur. Bununla belə, çalışırlar ki, komandaya fayda versinlər, özlərini inkişaf etdirsinlər.
- Maliyyə durumunun yaxşı olmaması qış fasiləsinə qədər komandaya mənfi təsir edir. İndi bu sarıdan vəziyyət necədir?
- Ümumən bizdə yaydan vəziyyət bu cürdür. Rəhbərlik də çalışır, ancaq əlbəttə ki, futbolda bu cür amillər nəticələrə, oyunçulara təsir edir. Lakin mən futbolçulardan razıyam. Çünki çətin anlarında da bütün bacarıqlarını ortaya qoymağa çalışdılar. Təbii ki, onlar da insandılar, təlabatları var. Rəhbərlik də çalışır ki, onların təlabatlarını qarşılaya bilsin. Maliyyə problemi bizdə olub, indi də davam edir. Ancaq düşünürəm ki, klubla futbolçular arasında heç bir problem yaşanmayacaq. Sadəcə, maaşların gecikmələri müəyyən vaxtlarda futbolçuların psixologiyasına təsir edir. Amma dediyim kimi, bizim işimiz oyunlara hazırlaşmaqdır. Turnir cədvəlindəki vəziyyət bizi vadar edir ki, yalnız oyunları düşünək. Qarşıda cəmi 8 matç var.
- Maaşların gecikməsi hallarına görə futbolçularda hər hansı bir istəksizlik hiss etmisiniz?
- Oyun vaxtı təbii ki, hər şey unudulur. Ancaq bəzən məşqlərdə həvəssizlik hiss olunur. Çalışırıq ki, futbolçularla danışıb, onları problemlərin uzun müddətli olmayacağına inandıraq. Bu, yalan vədlər deyil. Həqiqətən də klub rəhbərliyi hamıya verdiyi sözün üstündə dayanacaq. Klub da komandanın qarşısına böyük tələblər qoymayıb. Ancaq biz özümüz mövsümü yaxşı pillələrdə bitirmək istəyirik
- Hazırda koronavirus epidemiyasını digər sahələrdə olduğu kimi, futbola da təsirini göstərir. “Səbail”də bu virusla mübarizə necə gedir, klubda atmosfer necədir?
- Bununla bağlı xüsusi bir mübarizə, tədbir həyata keçirmirik. Gigiyena ilə bağlı hər zaman diqqətli olmaq lazımdır. Bu virusun yayılması hamımız məyus edir. Kimdəsə cüzi xəstəlik aşkar ediləndə çalışırıq ki, komandadan aralı saxlayaq və fərdi məşqlər etsin. Məncə, panikaya heç bir səbəb yoxdur.
- Epidemiya məşq prosesinizə təsir edib?
- Gündəlik məşqlərimizi davam etdiririk. Bazamızda dezinfeksiya işləri həyata keçirilir. Ona görə də narahatlığa əsas yoxdur. Məşqlərimiz plan üzrə davam edir.
- Komandanızda koronavirusun geniş yayıldığı İrandan olan Keşavarz Peyman da çıxış edir. Onunla bağlı hər hansı narahatlıq yoxdur ki?
- Peyman artıq üç aydır bizimlədir. Yəni bu virus yayılmamışdan əvvəl komandamıza qoşulub. Bakıya gəldikdən sonra isə İrana getməyib. Ona görə də elə bir narahatlıq yoxdur. Heç bir əsas da yoxdur ki, iranlı vətəndaşın üzərində xüsusi dayanaq.
- Peşəkar Futbol Liqasının Premyer Liqamızın oyunlarının azarkeşsiz keçirilməsi qərarına münasibətiniz necədir?
- Əlbəttə, istərdik ki, azarkeşlər tribunada olsun. Ancaq bu gün PFL belə qərar veribsə, bu, həm azarkeşlərin, həm də futbolçuların sağlamlığına hesablanıb. İnanıram ki, aprel ayında azarkeşlərimizi stadionda görəcəyik. Təbii ki, biz bu gün özümüzü İspaniya və İngiltərə çempionatları ilə müqayisə edə bilmərik, ancaq 500-1000 nəfər də az insan sayı deyil. Epidemiya təhlükəsi varsa, bu say kifayət qədər çoxdur ki, virus yayılsın.
- Martın 17-də UEFA-nın konfransı olacaq və mümkündür ki, daxili çempionatların dayandırılması haqda federasiyalara göstəriş verilsin. Sizcə, Premyer Liqamızın dayandırılmasına ehtiyac var?
- Bu gün avrokuboklarda iştirak edən klublara nəzər salsaq, görərik ki, onlar koronavirusun episentri sayılan ölkələrin təmsilçiləridir. UEFA ona görə bu addımı atıb. Bizdə isə yəqin ki, ciddi təhlükə gözlənilmədiyi üçün belə qərar verilməyib. Çünki bizim ölkədə bu virus geniş yayılmayıb. İrəliləyən günlərdə isə hansı qərar verilsə, hörmətlə yanaşacağıq. Çünki söhbət sağlamlıqdan gedir.
- Qarşıdan “Sumqayıt”la oyun gəlir. Komandanızda zədəli və ya cəzalı futbolçu varmı?
- Rahid Əmirquliyevlə Ürfan Abbasov cəzalıdır. Maykl Essyenlə Fəhmin Muradbəylinin oynayıb-oynamaması oyun günü bilinəcək. Essyen artıq komanda ilə məşq edir. Başqa itkimiz yoxdur.
Ramiq AĞAMƏMMƏDOV