Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 16:16
Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdi kişi proqramında qaliblər müəyyənləşib.
Trend-in məlumatına görə, qızıl medalı rusiyalı gimnast Roman Semyonov qazanıb (22,150 bal), ikinci və üçüncü yerləri müvafiq olaraq aralarında Timur Kulayev (Rusiya, 21,650 bal) və Antonio Papazov (Bolqarıstan, 21,300) bal bölüşdürüblər.
Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib.
Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər.
Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.
Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.
Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin