Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 16:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Əgər koronavirusla mübarizə tədbirlərinin icrası üçün dövlətimiz tərəfindən könüllülər ordusuna ehtiyac yaranarsa, hər bir könüllü bu məsuliyyətli işi etməyə hazır olacaq. Bu, bizim hər birimizin vəzifəsidir.
Bunu Trend-ə Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev deyib.
O qeyd edib ki, könüllülər tərəfindən bu iş təkcə 2020-ci ilin "Könüllülər ili" elan edilməsinə görə görülməli deyil. Ümumiyyətlə, koronavirusa görə yaranmış hazırkı vəziyyətdə yaşından asılı olmayaraq, bütün vətəndaşlar həmrəylik göstərməli, dövlət tərəfindən keçirilən qabaqlayıcı tədbirlərə dəstək verməlidirlər.
Hazırda dövlət tərəfindən qabaqlayıcı tədbirlərin uğurla həyata keçirildiyini deyən İ.Quliyev hesab edir ki, könüllülər koronavirusla mübarizənin icrasına və maarifləndirmə işlərinə töhfə verə bilərlər:
"Bu məsələdə könüllülərin fəaliyyətini əsasən, maarifləndirmə işlərinin təşkilində görürəm. Onlar hazırlanan təbliğat materialları vasitəsilə koronavirusa görə hansı sanitar-gigiyenik qaydalara riayət edilməsinin vacibliyini geniş kütləyə çatdıra bilərlər. Bununla yanaşı, sosial şəbəkələrdə də mütəmadi olaraq, paylaşımlar edilə bilər".
Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Adil Əliyev könüllülərin koronavirusla mübarizə tədbirlərinə cəlb edilməsini təklif edib.
A.Əliyev bildirib ki, dövlət başçısının 2020-ci ili “Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırkı həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən ərzaq mallarının, apteklərdən dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər.