Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 18:34
İctimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əsasən dezinfeksiya tədbirləri daha da gücləndirilib:
"Fevralın 27-dən başlanılan işlər hazırda daha da intensivləşdirilib. Bununla bağlı daşıyıcılarla görüş keçirilib, vəziyyətlə bağlı onlara məlumat, eyni zamanda müvafiq tapşırıqlar verilib. Hər gecə istehsalat bazalarında avtobuslar təmizləndikdən sonra dezinfeksiya olunur. Ümumilikdə 2100 avtobusun hər biri dezinfeksiya olunub. İşlərin gedişatı daim diqqətdə saxlanılır. BNA tərəfindən növbəli rejimdə çalışan qruplar müəyyənləşdirilib və onlar əvvəlcədən xəbərdarlıq etmədən istehsalat bazalarına baxış keçirirlər. Burda da əsas məqsədimiz qoyulan tapşırıqların icrasına nəzarəti təmin etməkdir. Bundan əlavə gün ərzində son dayanacaq məntəqələrində də avtobuslar xüsusi dərman preparatlarından istifadə olunmaqla təmizlənir".
M. Ağayev bildirib ki, əksepidemik tədbirlər Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də aparılır:
"Mərkəzdə həftədə iki dəfə bu işlər görülür. Gecə saatlarında mərkəzin ərazisindəki perronlar, gözləmə zalları və park-yaşıllıq hissə dərmanlardan istifadə olunmaqla təmizlənir. Burda bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir. Çünki buradan gün ərzində 300 minə yaxın sərnişin istifadə edir. Məlumat üçün qeyd edim ki, mərkəzdə insanların tez-tez əllərini dezinfeksiya edə bilməsi üçün xüsusi məhlul olan dispenser qoyulub. Hazırda avtobuslarda da dispenserlərin qoyulması ilə bağlı iş aparılır. Bu cür durumlarda vacib olan məqamlardan biri də sərnişinlərin sanitar maarifləndirilməsidir ki, bununla bağlı da ciddi işlər görülür. Sosial şəbəkələrdə gündəlik olaraq müxtəlif posterlər paylaşılır. Texniki baxımdan mümkün olan avtobuslarda səsli elanlar verilir. Bu elanlar ÜST-ün tövsiyyələri əsasında hazırlanan təlimatlardır ki, bu cür edpidemik vəziyyətlərdə ictimai nəqliyyatda və ümumiyyətlə ictimai məkanlarda necə davranmaq lazım olduğu bildirilir. Eyni səsli anons Koroğlu Nıəqliyyat Mübadilə Mərkəzində də yayımlanır.
Bir daha bildirmək istəyirəm ki, bütün bu sadalanan tədbirlər davam edir eyni zamanda şəhər nəqliyyatı Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabineti tərəfindən COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə veriləcək digər tapşırıqların icrasına da tam hazırıq.".