Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 17:20
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan dövləti və hökumətinin həyata keçirdiyi fundamental qabaqlayıcı tədbirlər onu deməyə əsas verir ki, vətəndaşlarımız ciddi təşviş içərisində olmamalıdırlar".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, qabaqlayıcı tədbirlər görən ölkələrdə vəziyyət nisbətən daha qənaətbəxşdir:
"Bəllidir ki, bu virus insanlara tez yoluxur və tibbə məlum olan müalicə metodlarına çox çətinliklə cavab verir. İmmuniteti güclü olmayan insanlarda isə müalicə çox çətin olur və bəzən ölümlə nəticələnir. Bu baxımdan da virusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi daha effektivdir".
Deputat vurğulayıb ki, Azərbaycan hökuməti virusun yayılmasını əngəlləmək üçün kifayət qədər ciddi tədbirlər görür:
"Dövlətimizin məqsədi bu epidemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq və vətəndaşları bu virusa yoluxmaqdan qorumaqdır.
Bu səbəbdən də ictimaiyyətin də üzərinə mühüm vəzifələr düşür. Panikayaya yol verməmək, imkan daxilində evdə daha çox olmaq, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməmək, ÜST və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmək hər birimizin borcudur".
Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.