Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Komitə sədri koronavirusla mübarizədə özəl sektoru dövləti dəstəkləməyə ÇAĞIRDI

Komitə sədri koronavirusla mübarizədə özəl sektoru dövləti dəstəkləməyə ÇAĞIRDI

Tarix: 20 Mart 2020 17:00

Bakı. Elçin Mehdiyev - Trend:

Hazırda dünyada görülən bütün tədbirlərə rəğmən koronavirus epidemiyasının yayılması davam edir. Bu epidemiyanın qarşısının alınması üçün görülən məhdudlaşdırıcı tədbirlərin paralel olaraq dünya iqtisadiyyatına, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdir.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da virusun yayılmasının qarşısını almaq məqsədilə turizm, ticarət, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub:

"Dövlətin bu istiqamətdə atdığı addımlar tam alqoritmləşmiş və kifayət qədər təsirli addımlardır. Eyni zamanda həyata keçirilən bütün tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər. Mövcud vəziyyətdə iqtisadi sabitliyə olan mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifah halını qorumaq və iqtisadi inkişafın davamlılığını təmin etmək üçün iqtisadi sahədə də antivirus tədbirlərin görülməsini zəruri edir. İqtisadiyyatı bu virusdan qorumaq əsas vəzifələrdəndir".

Komitə sədri bildirib ki, Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir:

"Bu imkanlar son 16 ildə artıb və çətin günlər üçün dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək və müvafiq tədbirlər görmək üçün cənab Prezident dünən xüsusi bir sərəncam imzalayıb. Bu məqsədlə ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə pandemiyanın mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat vəsait ayrılıb. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur. Birincisi, pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək, ikincisi, sahibkarlıq subyektlərinə dövlət dəstəyi, üçüncüsü məşğulluq problemlərinin və sosial problemlərin həlli və dördüncüsü makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması.

Qeyd edim ki, ayrılan vəsait ölkənin ÜDM-nin 1.3%-nə, büdcə gəlirlərinin isə 4.2% nə bərabərdir".

T.Mirkişili vurğulayıb ki, dövlət başçısının müəyyənləşdirdiyi dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini əhatə edir:

"Eyni zamanda düşünürəm ki, dövlətlə yanaşı, özəl sektorun da belə günlərdə daha çox sosial məsuliyyət təşəbbüsləri ilə çıxış etməsi ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün vacibdir. Əminəm ki, görülən bu tədbirlər iqtisadiyyatımızı daha da gücləndirəcək və əhalinin sosial müdafiəsi sahəsində yeni uğurlara nail olunacaq!"


Etiketlər:  Komitə sədri koronavirusla mübarizədə özəl sektoru dövləti dəstəkləməyə ÇAĞIRDI


RƏYLƏR