Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 09:18
Bu gün dünya dövlətlərinin bir çoxunda koronavirus infeksiyasının yayılmasına qarşı ciddi işlər görülür. Mövcud tendensiyanı Azərbaycan da yaxından və bütün gücünü səfərbər edərək izləyir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər planı geniş, əhatəli və olduqca sistemli xarakter daşıyır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, məsələnin birbaşa cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti altında olması mövcud tədbirlər planına ölkənin ən ali şəxsi səviyyəsində diqqət və qayğının mövcudluğundan xəbər verir:
"Eyni zamanda dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlər planı da hökumətin bu işə nə dərəcədə ciddi yanaşdığının bariz nümunəsidir. Sadalanan amilləri nəzərə alaraq, əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.
Silsilə tədbirlər planı infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində, səhiyyə tədbirləri çərçivəsində dərhal Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılması ilə davam etdi. Eyni zamanda 2020-ci il ərzində dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bu səbəbdən də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı. Bundan əlavə, yeni növ koronavirus infeksiyasına qarşı fədakarcasına mübarizə aparan dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşlarının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edildi".
Politoloq vurğulayıb ki, bütün bu addımlar dəqiq və vaxtında atılmış addımlardır:
"Belə ki, tədbirlər planı cəmiyyətin sosial gözləntilərinə də cavab verir. Çünki cəmiyyət də dərk edir ki, bu məsələ təkcə məni, səni yox, bütövlükdə cəmiyyəti və daha geniş kontekstdə bəşəriyyəti narahat edən məsələdir. Eyni zamanda, koronavirusla mübarizə Azərbaycanda milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir ki, cəmiyyət və xalq üçün milli təhlükəsizliyimiz hər zaman ən ümdə məsələ olub. Mübarizə istiqamətində növbəti nəcib addım isə cənab Prezidentin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlaması oldu.
Bununla da ölkə başçımız hətta ən çətin günlərdə belə yenə xalqını düşündüyünü göstərdi. Cənab Prezidentin bu fədakar və humanist addımı hər bir vətəndaşda ölkə başçımıza bəslənilən inamın və ümidlərin əsaslı olduğunu bir daha sübut etdi. Hər bir kəs əmindir ki, bütün çətin məqamlarda ona kömək əlini uzadacaq ilk insan məhz ölkə rəhbərimizdir. Bundan əlavə, cənab Prezidentin həyata keçirdiyi islahatlar kursu fonunda və ilk olaraq ölkə başçımızın Fonda ianə etdiyi bir vaxtda rəsmi şəxslərin, iş adamlarının, ictimai fiqurların, müxtəlif müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin bu çağırışa qoşulması, Fonda vəsait köçürmələri və belə çətin günlərdə həmrəy olmaları həm də onu göstərir ki, ölkə başçımızın rəhbərliyi altında artıq Azərbaycanda yeni model formalaşır. Bu yeni model də birbaşa vətəndaş mərkəzli siyasətə xidmət edir".