Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 12:40
Bakı. Trend:
Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran prisinin təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.
O bildirib ki, küçə trasının quraşdırılması nəhəng işdir və yekun qərarı işlər başlamazdan əvvəl vermək lazım idi:
"Biz qərarı vaxtında verməli idi. Çünki qərar verilməzdən əvvəl bəzi qurğular quraşdırılmalı idi və buna vaxt lazım idi. Trasın hazırlanmasına iki-üç ay vaxt gedir".
A.Rəhimov deyib ki, tədbir həm ölkə, həm də şəhər üçün böyük əhəmiyyət daşısa da, indi ölkənin qarşısında digər prioritetlər dayanır və Formula 1-in iyunun 7-də keçirilməsi şansı olsa idi belə, yarışı indiki şəraitdə reklam etmək düzgün olmazdı:
"Yekunda boş hesab olunacaq xərclərin heç biri həyata keçirilmədi. Bununla da, hazırda biz heç bir birbaşa maliyyə itkisi ilə üzləşməmişik".
O əlavə edib ki, Bakı yarışların yeni tarixi barədə məlumatları gözləməkdədir:
"Biz əvvəllər yarışları apreldə və iyunda keçirmişik. Yarışların keçirilməsinə təsir edən əsas amil tədris ilidir. Bununla belə, biz dərslərin davam etdiyi aprel ayında yarış keçirmişik. Hələlik, vəziyyət tam aydınlaşanadək yeni tarix barədə qərar qəbul edə bilmərik".
A.Rəhimov ümidvar olduğunu bildirib ki, bu məsələ yayda aydınlaşacaq:
"Nəzərə almaq lazımdır ki, yarışı yeni tarixdə keçirmək asan olmayacaq. Bu, çox çətindir, amma fikrimcə, indi dünyada daha mürəkkəb işlər baş verir. Bu, pandemiyanın yan təsirlərindən biridir".
Qeyd edək ki, iyun ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisi koronavirus səbəbilə keçirilməyəcək.