Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngilis duelindən kim qalib çıxacaq? – statistik faktlar

İngilis duelindən kim qalib çıxacaq? – statistik faktlar

Tarix: 31 May 2019 12:24

Bu yazımızda UEFA Çempionlar Liqasının “Tottenhem” - “Liverpul” final qarşılaşması ilə bağlı maraqlı faktları, iki klub arasındakı tarixi rəqabəti və digər statistik göstəriciləri oxuculara çatdırmağa çalışacağıq.

Sabah Madridin “Vanda Metropolitano” stadionunun ev sahibliyi edəcəyi finalı Damir Skominanın rəhbərlik etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

110 illik tarixi rəqabət

“Tottenhem” və “Liverpul”un Çempionlar Liqasında yolu ilk dəfə kəsişir. Amma hər iki komanda İngiltərəni təmsil etdiyindən onlar daxili yarışlarda dəfələrlə üz-üzə gəliblər. Bu mənada, həm Londonu təmsil edən “Tottenhem”in, həm də Liverpul şəhərinin eyni adlı komandasının rəqibini tanımaq sarıdan çətinlik çəkəcəyini söyləmək yersiz olar.


“Tottenhem” və “Liverpul” ilk oyun XX əsrin əvvəllərinə təsadüf edir. 1909-cu il noyabrın 13-də Londonda keçirilən matçda ev sahibi “Tottenhem” “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. İki klub arasındakı son oyun isə bu mövsüm İngiltərə Premyer Liqası çərçivəsində olub. 2019-cu il martın 31-də Enfilddəki görüşdə qırmızılar rəqibini 2-1 hesabı ilə məğlub edib.

Statistika “Liverpul”un xeyrinədir

1909-cu ildən bu günə kimi bütün turnirlərdəki rəsmi görüşləri nəzərə alsaq, görərik ki, “Tottenhem” və “Liverpul” 165 dəfə üz-üzə gəlib. Mersesaydlar statistikada rəqibi aşkar şəkildə üstələyir. 165 oyunun 73-də “Liverpul”, 49-də isə “Tottenhem” sevinən tərəf olub. 43 matçda isə bərabərlik qeydə alınıb. Bu görüşlərdə “Liverpul” 254 dəfə fərqləndiyi halda, “Tottenhem” buna 194 qolla cavab verib. Topların nisbəti 60 xallıq göstərici ilə qırmızıların xeyrinədir.

Son 10 oyun

Son 10 oyunun 5-də “Liverpul” qalib gəlib. “Tottenhem”in sözügedən matçlarda cəmi 1 qələbəsi var. İki klub arasındakı son 10 matçın 4-ü bərabərliklə yekunlaşıb. Bu oyunlarda “Liverpul” 16, “Tottenhem” isə 13 dəfə fərqlənib:

1. “Liverpul” 2-1 “Tottenhem” (İngiltərə Premyer Liqası)
2. “Tottenhem” 1-2 “Liverpul” (İngiltərə Premyer Liqası)
3. “Liverpul” 2-2 “Tottenhem” (İngiltərə Premyer Liqası)
4. “Tottenhem” 4-1 “Liverpul” (İngiltərə Premyer Liqası)
5. “Liverpul” 2-0 “Tottenhem” (İngiltərə Premyer Liqası)
6. “Liverpul” 2-1 “Tottenhem” (İngiltərə Liqa Kuboku)
7. “Tottenhem” 1-1 “Liverpul” (İngiltərə Premyer Liqası)
8. “Liverpul” 1-1 “Tottenhem” (İngiltərə Premyer Liqası)
9. “Tottenhem” 0-0 “Liverpul” (İngiltərə Premyer Liqası)
10. “Liverpul” 3-2 “Tottenhem” (İngiltərə Premyer Liqası)

Ən böyük hesablı qələbə

Futbolun unudulmazlarından biri də böyük hesablı qələbələrdir. Hələ bu qələbələr əsas rəqiblərə qarşı oyunlarda qazanılıbsa, daha əlamətdar olur. Daim prinsipial rəqiblərin azarkeşləri böyük hesablı qələbələri ilə öyünüblər. Bu baxımdan “Liverpul” azarkeşləri bir addım öndədirlər.

1978-ci il sentyabrın 2-də I Divizion (indiki adı ilə İngiltərə Premyer Liqası) matçında “Liverpul” “Tottenhem”i 7-0 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Bu nəticə iki klub arasındakı matçlarda ən böyük hesablı qələbə kimi tarixə düşüb. “Tottenhem”in “Liverpul”a qarşı matçlarda ən böyük hesablı qələbəsi isə 15 aprel 1963-cü ilə təsadüf edir. I Divizion matçında londonlular qırmızıları 7-2 hesabı ilə məğlub ediblər.

Ən çox qol vurulan matçlar

“Tottenhem” və “Liverpul” arasındakı bir oyunda ən çox 9 qol qeydə alınıb. Əzəli rəqabətdə belə hal 2 dəfə baş verib. Bunlardan birincisi 1914-cü ilin 31 oktyabrında qeydə alınıb. İngiltərə çempionatı çərçivəsində baş tutmuş oyunda ev sahibi “Liverpul” rəqibini 7-2 hesabı (toplam 9 qol) ilə məğlub edib. 9 topun vurulduğu ikinci oyun isə yuxarıda qeyd etdiyimiz kimi 1963-cü ilin 15 aprelində oynanılıb. Bu dəfə meydan sahibi olan “Tottenhem” “Liverpul”u 7-2 hesabı ilə məğlub edərək revanşı alıb. 9 topun vurulduğu 7-2 hesablı nəticələr “Liverpul”-“Tottenhem” rəqabətində hələki ən çox qolun vurulduğu oyunlardır.

İngilis duelləri

Bu mövsümə kimi İspaniya təmsilçiləri (“Real Madrid” və “Barselona”) ardıcıl olaraq 5 dəfə Çempionlar Liqasının qalibi olmuşdular. Cari mövsümdə “Liverpul” və “Tottenhem” klubları turnirin finalına vəsiqə qazanaraq ispanların hegomonluğuna son qoydu. Futbolsevərlər Çempionlar Liqası tarixində ikinci dəfə ingilis finalına şahidlik edəcəklər. 

 İngilislərin finaldakı ilk qarşıdurması 2008-ci ildə baş verib. O zaman Moskvanın “Lujniki” stadionundakı finalda “Mançester Yunayted” və “Çelsi” klubları üz-üzə gəlmişdi və həmin görüşün əsas vaxtı 1-1 hesabı yekunlaşdığından əlavə vaxt oynanılmışdı. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyən olunmuşdu və futbol lotereyasında bəxti gətirən “Mançester Yunayted” o mövsüm Çempionlar Liqasının qalibi olmuşdu.

Onu qeyd edək ki, “Tottenhem” də tarixi ərzində 1 dəfə UEFA kubokunun finalında İngiltərə klubu ilə üzləşib. 1971/1972-ci illər mövsümünün finalında iki görüşün nəticəsinə görə (o zaman finalın qalibi 2 oyunun nəticəsinə görə müəyyən olunurdu) “Vulverhempton”u 3-2 hesabı ilə məğlub edən mahmızlar kubokun sahibi olublar.

“Tottenhem” avrokuboklarda

Tarixi ərzində ilk dəfə Çempionlar Liqasının finalına yüksələn “Tottenhem” 2 dəfə UEFA kubokunun (indiki adı ilə UEFA Avropa Liqasının) qalibi olub. 1971/1972 və 1983/1984-cü illər mövsümlərində UEFA kubokunu öz muzeyinə aparan londonlular 1973/1974-ci illər mövsümündə həmin turnirin finalında Hollandiya təmsilçisi “Feyenoord”a məğlub olaraq kuboku əldən veriblər.

Bir faktı da qeyd edək ki, “Tottehem” UEFA kubokunu (indiki Avropa Liqasının) qazanan ilk klubdur. Bundan əlavə mahmızlar 1962/1963-cü illər mövsümündə hazırda mövcud olmayan Kuboklar Kubokunun da qalibi olublar.

“Liverpul” avrokuboklarda

 “Tottenhem”dən fərqli olaraq avrokuboklarda qazandığı titullara görə “Liverpul”un muzeyi daha zəngindir. Köhnə qitənin 1 nömrəli klub turnirində 9-cu dəfə final oynayacaq “Liverpul”un muzeyində 5 Çempionlar Liqası kuboku var. Əgər qırmızılar  həlledici matçda “Tottenhem”ə qalib gələrsə, bu göstərici 6 olacaq ki, bununla da mersesaydlar “Barselona” və “Bavariya”nı (hərəyə 5 dəfə) geridə qoyacaqlar.

Həmçinin, “Liverpul” 1972/1973; 1975/1976 və 2000/2001-ci illər mövsümlərində UEFA Avropa Liqasının qalibi olub. Bundan əlavə qırmızılar 3 dəfə də UEFA Super Kubokundan qalib ayrılıblar.

“Tottenhem”in əzmkarlığı...

Madriddəki finala vəsiqə qazanan Mauritsio Poççetinonun komandası bu mövsüm UEFA Çempionlar Liqasında əzmkar çıxışı ilə yadda qalıb. İspaniyanın “Barselona”, İtaliyanın “İnter” və Hollandiyanın “PSV” klublarının qərarlaşdığı B qrupunu (çoxlarının “Ölüm qrupu” adlandırdığı) ikinci yerdə tamamlayan “Tottenhem” növbə ilə 1/8 finalda Almaniyanın “Borussiya Dortmund”, 1/4 finalda İngiltərənin “Mançestr Siti”, 1/2 finalda Hollandiyanın “Ayaks” kimi klublarını sıradan çıxarıb.

Çempionlar Liqasının bu mövsümündə londonluların heyətində ən məhsuldar oyunçular hərəyə 5 qolla yadda qalan Harri Keyn və Lukas Moradır. Heyətdə ən çox assist edən futbolçu (4 dəfə) isə danimarkalı Kristian Eriksendir.
 
“Liverpul”un geridönüşləri...

Bu mövsüm Yurgen Klopun komandası qrup mərhələsində qeyri-stabil oyun nümayiş etdirsə də, mersesaydlar qrupun son oyununda “Napoli” üzərindəki minimal hesablı qələbə ilə yollarına davam etmişdilər. Fransanın “PSJ”, İtaliyanın “Napoli” və Serbiyanın “Srvena Zvezda” klublarının yer aldığı C qrupunu ikinci pillədə tamamlayan “Liverpul” növbə ilə 1/8 finalda Almaniyanın “Bavariya”, 1/4 finalda Portuqaliyanın “Portu”, 1/2 finalda İspaniyanın “Barselona” klublarını məğlub edib.

“Liverpul”dan söz düşəndə istər-istəməz geridönüşlər (Comeback) yada düşür. Son illər avrokubokların daimi sakininə çevrilmiş “Liverpul”un bu mövsümü də geridönüşsüz ötüşməyib. Belə ki, ilk oyunda Kamp Nouda “Barselona”ya 3-0 hesablı məğlubiyyətdən sonra doğma meydandakı revanş matçında 4-0 hesablı geridönüş “Liverpul”u yenidən turnirin finalına çıxartdı.

Çempionlar Liqasının bu mövsümündə “Liverpul”un heyətində ən məhsuladar futbolçular rəqib qapıçıları hərəyə 4 dəfə məyus edən Məhəmməd Salah, Roberto Firmino və Sadio Manedir. Ən çox assist edən futbolçu (3 dəfə) isə sağ cinah müdafiəçisi Trent Aleksandr-Arnolddur.

Kloppun final fobiyası

Həm Yurgen Klopp, həm də Mauritsio Poççetino əksər matçlarda əzmkarlıq göstərən, döyüşkən ruhlu komandalar qursalar da, sözügedən mütəxəssislər Avropa miqyasında məşqçi kimi heç bir titul əldə edə bilməyiblər.

2012/2013-ci illər mövsümündə “Borussiya Dortmund”la, 2017/2018-ci illər mövsümündə hazırkı komandası “Liverpul”la Çempionlar Liqasının finallarında məğlub olan Yurgen Klopp Madriddəki matçda qalib gələ bilmədiyi halda, Marsello Lippinin anti-rekordunu yeniləmiş olacaq. Belə ki, Lippi “Yuventus”un məşqçisi olduğu zaman arıcıl olaraq 1997, 1998 və 2003-cü il finallarında kuboku həlledici oyunda əldən verib.

Poççettino isə “Tottenhem”i tarixi ərzində avrokubokların finalına çıxaran üçüncü məşqçidir. Buna kimi Bill Nicholson və Keith Burkinshaw müxtəlif vaxtlarda mahmızları Avropa Liqasının və Kuboklar Kubokunun finalına çıxarıblar.

Sloveniyalıların “yerlibazlığı”

“Tottenhem” - “Liverpul” matçına sloveniyalı Damir Skomina təyinat alanda bir çox avropalı futbol şərhçiləri, ekspertlər bunu UEFA prezidenti Aleksandr Çeferinin adı ilə bağlayırdılar. Bu mülahizəni ortaya atanlar məsələni həm Aleksandr Çeferinin, həm də təcrübəli hakim Damir Skominanın sloveniyalı olması ilə əlaqələndirirlər.

Sloveniyalıların “yerlibazlıq” söhbətlərini kənara qoyub Skominanın karyerasına nəzər yetirdikdə, görürük ki, vacib matçlara təyinat alan FİFA referisi o qədər də çox final matçı idarə etməyib.  Skominanın idarə etdiyi sonuncu final 2012-ci il UEFA Super Kuboku çərçivəsində baş tutan “Çelsi”-“Atletiko Madrid” matçıdır. Xatırladaq ki, həmin görüş 1-4 hesabı ilə ispanların xeyrinə yekunlaşmışdı.

Stadion

İspaniyanın paytaxtı Madrid dəfələrlə avrokubokların finallarına ev sahibliyi etsə də, bu sözləri şəhərin “Vanda Metropolitano” adlı stadionu üçün deyə bilmərik. “Atletiko Madrid” klubuna məxsus olan stadion 2017-ci ildə istifadəyə verilib. “Vanda Metropolitano” stadionu 67829 tamaşaçı tutumuna malikdir.

Finalın Madriddə olması “Liverpul” tərəfi üçün daha əlamətdardır. Yurgen Kloppun futbolçuları ötən mövsümün finalında Madrid şəhərinin digər təmsilçisi “Real”a uduzmuşdular. Əgər “Liverpul” finalı qazanarsa, kuboku Dumanlı Albiona Madriddən gətirmiş olacaq. Bu da “Liverpul” azarkeşləri üçün böyük anlam ifadə edir.

Həmidağa MƏCİDOV

 


Etiketlər:  İngilis duelindən qalib çıxacaq statistik faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ