Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsaçlı cavan oğlan

Ağsaçlı cavan oğlan

Tarix: 10 Aprel 2020 19:22

Liderlərin Zirvə Toplantısı, BMT Təhlükəsizlik Şurasının iclası təxirə salınır, Yay Olimpiya Oyunları, futbol üzrə Avropa Çempionatı ertələnir, stadionların qapılarından yekə qıfıl asılır. Koronovirus prezident saymır, nazir tanımır, deputat vecinə almır, varlıya, kasıba fərq qoymadan dünyada hamını qabağına qatıb təngnəfəs edir.

COVID-19 deyilən bu bəla üzündən biz dostlar da bəzi planlarımızda məcburi dəyişiklik etməli olduq. Professor Çingiz Abdullayevin 60 illik yubiley ilə bağlı qurmaq istədiyimiz dost məclisini başqa vaxta saxladıq. Təki sağlıq olsun.

A nöqtəsindən B nöqtəsinə…

Dost-tanışlarına, tələbələrinə, ünsiyyətdə olduğu hər kəsə ancaq müsbət enerji ötürən, ağsaçlı bu cavan oğlan – Çingiz Abdullayev 60 il öncə Ağstafada doğulub. Adı bir necə dəfə dəyişsə də, nüfuzu heç vaxt azalmayan, indi Dövlət Neft və Sənaye Universiteti adlanan təhsil ocağına qəbul olunub. Ali məktəbi mühəndis-mexanik ixtisası üzrə bitirdikdən sonra Keşlə Maşınqayırma Zavodunda mühəndis kimi çalışıb. 3 ildən sonra yenidən doğma universitetə qayıdıb, əyani aspiranturada təhsilini davam etdirib, elmi işçi olub və keçmiş müəllimləri ilə çiyin-çiyinə dərs deyib.

Bir pedaqoq kimi yüksək keyfiyyətləri ilə seçilən dostumuz Bakı Slavyan Universitetinin inkişafında və tanıdılmasında da mühüm xidmətlər göstərib. Bu ali təhsil ocağında V.H. Humbolt adına Tədris və Mədəniyyət Mərkəzini qurub. BSU-nun Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi kimi çalışıb. 2016-cı ildən isə bu ali təhsil ocağının Azərbaycan Multikulturalizmi və ölkəşünaslıq kafedrasının prosessorudur.
Tanınmış elm xadimi, professor kimi Çingiz Abdullayev müxtəlif illərdə Prezident yanında Ali Attestasiya Komissiyasının eksperti, Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olub.

Su kimi aydın

Çox nəhəng filosoflar sübut etməyə çalışıblar ki, dünyada təsadüf deyilən bir şey yoxdur, hər şey zərurətdən doğur. Su kimi təmiz professor dostumuzun 2011-ci ildən “Azərsu” ASC-nin sədrinə müşavir təyin olunmasına da təsadüf kimi baxmaq mümkün deyil.

Çingiz Abdullayevin gözəl təşkilatçılıq bacarığı var. 90-cı illərin əvvəllərində yaratdığı Alman-Azərbaycan Cəmiyyətinin xətti ilə iki dövlət arasında mədəni əlaqələrin inkişafına töhfələr verib, ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin çatdırılması, doğma yurdundan qaçqın düşən həmvətənlərimizə maddi yardımların göstərilməsi üçün mühüm işlər görüb və bu istiqamətdə işlərini bu gün də yorulmadan, təmənna güdmədən davam etdirməkdədir. İctimai-siyasi fəaliyyətinə görə mənzil-qərargahı Nyu-Yorkda yerləşən Universal Sülh Təşkilatının “Sülh Səfiri” tituluna layiq görülüb. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində elmi, bədii və publisistik əsərləri çap olunub və böyük maraqla qarşılanıb. Alman və ingilis dillərində işıq üzü görən “Almaniya-Azərbaycan əlaqələri”, “M.Əsəd Bəy”, “Neft bumu və futbol”, “Dədəm Qorqud yollarında”, “Almaniyada Cümhuriyyət arzusu” və s. kitabları Almaniyanın nüfuzlu kitabxanalarında saxlanılır.

Professor Çingiz Abdullayevin ssenariləri əsasında “Körpü”, “İkinci Vətən” adlı sənədli filmlər çəkilib, bir neçə bədii və sənədli ekran əsərlərinin elmi məsləhətçi olub.

Texnika üzrə fəlsəfə doktoru, kulturologiya üzrə elmlər doktoru Çingiz Əli oğlu dərin biliyə, geniş dünyagörüşünə malik olduğundan müxtəlif sahələrdə çalışan insanlarla rahat ünsiyyət qura bilir. Çingiz bəy böyük alimlərimiz, akademiklər Vasim Məmmədəliyev, Fuad Qasımzadə, professor Çapay Sultanov, əfsanəvi futbolçu Ələkbər Məmmədovla dostluq edib. Ağsaçlı cavan oğlanı milli televiziyamızın canlı korifeylərindən biri, Xalq artisti Vasif Babayev, tanınmış bəstəkar-pedaqoq, Əməkdar incəsənət xadimi Aydın Əzim Kərimoğlu, bir vaxtlar İspaniyanın müxtəlif klublarında top qovan, 16 yaşlılar arasında Avropa çempionu, millimizin sabiq üzvü Vəli Qasımov, ünlü futbol hakimi Rüstəm Rəhimov və digər yaxın dostların əhatəsində tez-tez görmək olur. Bəzən onların müzakirə və mübahisələri, zarafat dolu söhbətləri saatlarla davam edir. Zarafat demişkən, 60 yaşlı yubilyarın çox güclü yumor hissi var və ağsaçlı cavan dostumuzu belə gümrah saxlayan bəlkə də məhz güclü yumor hissidir.

60 illik yubileyi ilə bağlı dəyərli dostumuza ünvanlanan arzu və istəklərimiz çoxdur. Elmimizin, mədəniyyətimizin inkişafına yeni və sanballı töhfələr versin, ölkəmizi dünyaya sevdirməkdə davam etsin. Həmişə belə cavan və gülərüz qalsın. İnanırıq ki, arzu və istəklərimizi nəzərə alacaq. Çünki Çingiz bəy dostların fikrinə həmişə önəm verir.

Etibar Cəbrayıloğlu

 


Etiketlər:  Ağsaçlı cavan oğlan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ