Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir

Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir

Tarix: 13 Aprel 2020 12:48

Energetika Nazirliyi "OPEC plus" ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir.

Nazirlik Sonxeber.net-a qərarla bağlı şərhini təqdim edib.

"OPEC plus" ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya itisadiyyatı üçün tarixi bir razılaşma əldə olundu. Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edildi. "OPEC plus" formatında atılan bu addımlar neft bazarına bir neçə istiqamətdə dəstək verir.

Əvvəla, hasilatın azaldılması ilə bağlı qərarın mayın 1-dən icrası qarşısında bütün maneələr aradan qalxmış olur. İkincisi, bu qərarın əhəmiyyəti "OPEC plus" hesabına yalnız may-iyun aylarında gündəlik hasilatın 9,7 mln barrel həcmində azaldılması ilə məhdudlaşmır. Eyni zamanda Səudiyyə Ərəbistanı, Kuveyt və BƏƏ tərəfindən aprel ayında planlaşdırılan gündəlik 2,7 mln barrel həcmində neft istehsal edilməyəcək. Bundan başqa, bu qərar "OPEC plus" formatından kənar ölkələrin də hasiatı azaltmalarını təşviq edir və ilk dəfə olaraq digər iri neft istehsalçıları da bu prosesə qoşulurlar. ABŞ-ın Meksikanın öhdəliyinin 300 min barrelini öz üzərinə götürməsi buna bir nümunədir. ABŞ, Kanada, İndoneziya, Norveç və Braziliya kimi iri neft istehsalçılarının "OPEC plus" ölkələri ilə həmrəylik nümayiş etdirərək, gündəlik neft istehsalını 4-5 mln barrel həcmində könüllü şəkildə azaldacaqları nəzərdə tutulur. Beləliklə, İran, Venesuela və Liviyada gündəlik xam neft hasilatının 2,8 mln. barrel azalacağını da nəzərə alsaq, "OPEC plus" ilə başlayan və digər ölkələrlə dəstəklənən təşəbbüs çərçivəsində mayın 1-dən etibarən dünya neft bazarına ümumilikdə gündəlik 20 mln barrel az neft daxil olacaq. Bu isə koronavirus pandemiyasının neftə qlobal tələbatı kəskin zəiflətdiyi bir vəziyyətdə neft bazarına və neftin qiymət sabitliyinə çox böyük bir töhfədir.

Neft bazarında tarazlığın yaradılmasında ilkin vaxtlardan mühüm rol oyanayan Azərbaycan isə bu dəfə də neft ölkələri arasında uzlaşmanın təmin edilməsində səylərini əsirgəmədi. Azərbayanın bu prosesə töhfəsi dünənki iclasda Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman tərəfindən yüksək qiymətləndirildi. O, ölkələrə təşəkkür edərkən, həm 6 mart, həm də 9 aprel tarixlərində keçirilən iclaslar zamanı nümayiş etdirdiyi mövqeyinə, məsləhətləşmələr prosesində fəal roluna görə Azərbaycanın adını xüsusilə qeyd etdi və minnətdarlığını bildirdi.

Azərbaycan üzərinə götürdüyü öhdəlikləri may ayından etibarən yerinə yetirməklə neft bazarının balanslaşdırılması prosesinə töhfəsini davam etdirəcək.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş son düzəlişə əsasən "OPEC plus"ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar may-iyun aylarında 9,7 mln. barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barrel həcmində qərarlaşır.


Etiketlər:  Energetika Nazirliyi OPEC plus ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ