Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

Tarix: 20 Aprel 2020 13:54

Bakı. Trend:

“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ehtiyacı olan insanlara qayğı və dəstək məqsədilə növbəti xeyriyyə aksiyasına qoşulub. “BEAT Group” ilə birgə keçirilən aksiya çərçivəsində Azercell abunəçiləri karantin günlərində aztəminatlı ailələr üçün müxtəlif təamların hazırlanıb çatdırılmasına yardım edə bilərlər.

Xeyriyyə aksiyasında iştirak edən Azercell abunəçiləri öz balansından 1AZN, 5AZN və ya 9 AZN məbləğində vəsaiti ianə etməklə COVİD-19 virusu ilə bağlı yaranmış vəziyyətdə maddi çətinliklər çəkən vətəndaşlara kömək etmiş olacaqlar. Belə ki, yığılan məbləğin müqabilində lazım olan ərzaqlar alınaraq müxtəlif yeməklər hazırlanacaq və könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılacaq.

Xeyriyyə təşəbbüsünə qoşulmaq üçün 5595 qısa nömrəsinə ianə edilən məbləği (1, 5 və ya 9) mesaj vasitəsilə yazıb göndərmək lazımdır, yaxud https://evdeq.al/ saytındakı formu doldurmaqla həmin təşəbbüsü dəstəkləmək olar. Saytdakı “Hesabat” bölməsinə keçid edərək, Azercell abunəçisi ianə edənlərin siyahısında nömrəsinin son 3 rəqəmini və ianə edilən məbləği görə bilər, həmçinin burada ianələrin xərclənməsinə nəzarət etmək, foto və video hesabatlarla tanış olmaq da mümkündür.

Ölkənin ən böyük telekommunikasiya şirkətlərindən olan Azercell elə ilk gündən Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində atdığı addımları aktiv şəkildə dəstəkləyir. Mobil operator ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb.

Şirkət həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 manat məbləğində pul vəsaiti də yükləyib.

Azercell istifadəçiləri üçün “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb. Şirkət 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətini təmənnasız göstərərək onlara bəzi xidmətlərdən evlərini tərk etmədən yararlanmaq imkanı da təqdim edib.

Dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə Azercell şirkəti tərəfindən Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birlikdə 5 728 aztəminatlı ailəyə sovqat verilib.

Azercell koronavirusla mübarizənin ön cəbhəsində olan, həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən tibb işçilərimizə də rabitə dəstəyi göstərib. Belə ki, Azercell öz abunəçiləri ilə digər iki operatorun abunəçiləri arasında heç bir fərq qoymadan yüksək məsuliyyətli iş başında olan 600-dən çox tibb işçisinin hər birinin balansına 50 AZN həcmində məbləğ yükləyib.

Bundan əlavə, Azercell media kanalları vasitəsilə yayımladığı video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyib. Şirkət eyni zamanda bu çətin və həssas günlərdə Busuu - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, Zvuk musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib.

COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan olunmuş karantin rejimi ərzində Azercell şirkəti ölkə vətəndaşlarına və öz istifadəçilərinə dəstəyi, onlar üçün müxtəlif sosial aksiyaların keçirilməsini davam etdirəcək.


Etiketlər:  Azercell COVID mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ