Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 17:12
Bakı. Trend:
Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 169 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
18-20 aprel tarixində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.
DİN bir daha diqqətə çatdırır ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda, bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq müraciət edən şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.