Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 10:45
Bakı. Trend:
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən koronavirus pandemiyası ilə əlaqəli ölkədə tətbiq olunan xüsusi karantin rejimi şəraitində internet rabitəsinin dayanıqlı və fasiləsiz şəkildə təqdim edilməsi istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.
Şirkətdən Trend-ə verilən məlumata görə, son günlərdə, eləcə də hazırda “AzerTelecom” şirkətindən internet və digər telekommunikasiya xidmətlərini əldə edən bütün iri internet xidmət təminatçıları (ISP – internet service provider), eləcə də digər korporativ müştərilərə bu xidmətlərin göstərilməsində hər hansı bir problem müşahidə olunmur.
Şirkət mütəxəssisləri tərəfindən ölkəyə daxil olan əsas magistral kanalların dayanıqlılığına, eləcə də xidmətin təhlükəsiz şəraitdə çatdırılmasına 24/7 rejimində daim nəzarət edilir, müvafiq monitoriq tədbirləri və qiymətləndirmələr aparılır.
Hazırkı koronavirus pandemiyası şəraitində dövlət və özəl sektor üzrə müxtəlif xidmətlərin onlayn rejimə keçməsi, rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi və bu səbəbdən də internet üzərindən ötürülən trafikin həcminin əvvəlki dövrlərə nisbətdə artmasını nəzərə alaraq şirkət tərəfindən provayderlərə təqdim olunan xidmətin dayanıqlılığının maksimum təminatı üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və dayanıqlı şəkildə təminatı üçün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.
“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.