Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər"

Tarix: 26 Aprel 2020 21:00

Amin Hüseynov: "Hərdən mənə elə gəlir ki, "Mən əfsanəyəm" filmində rol almışam və bu həngamədə, bircə, sadiq itim çatmır"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

İtaliyanın Siena şəhərində yaşayır və təhsil alır. Onun da yaşadığı şəhər karantin nəzarətindədir. Karantini dostlara, yaxınlara vaxt ayırmaq üçün yaxşı fürsət kimi qiymətləndirir. Azərbaycana qayıtmaq fikri yoxdur. Karantin rejimi bitdikdən sonra imtahanlarını verib ixtisası üzrə doktorantura təhsili almaq istəyir. Müsahibim İtaliyanın Siena Universitetində dilşünaslıq sahəsi üzrə təhsil alan Amin Hüseynovdur.

Amin bakalavr təhsilini Bakı Mühəndislik Universitetində tərcümə fakültəsində ingilis dili üzrə alıb. Deyir ki, universiteti ortalama 90.80 balla bitirib: "Bakıda bakalvr təhsili aldığım beş il müddətində müxtəlif yerlərdə ingilis dili müəllimi kimi işləyirdim. Bununla yanaşı, Avropa Oyunlarında və müxtəlif beynəlxalq konfranslarda tərcüməçi kimi də fəaliyyət göstərmişəm. Həmçinin, iki kitab tərcümə etmişəm. Düşünürəm ki, tələbə vaxtı işləmək insanın dünyagörüşünün artmasında mühüm rol oynayır. Bütün bunlar mənə yeni təcrübələr qazandırmaqla yanaşı, öz ixtisasımı daha yaxşı mənimsəməkdə köməkçi olub".

Araşdırmaçı dilşünas və professor olmaq istəyirəm 
 
Həmsöhbətim deyir ki, magistr təhsili üçün araşdırma edərkən bir neçə seçimi olub: "Əslində təhsilimi Avstraliyada davam etdirmək istəyirdim. Çünki mənim sahəm dilşünaslıq və idraki elmlərdir. Təhsilimi bitirdikdən sonra araşdırmaçı dilşünas və professor olmaq istəyirəm. Avstraliya universitetlərinin mənim sahəm üzrə daha uyğun olduğunu düşünürdüm, amma bir tanışım mənə Siena Universitetini məsləhət gördü. İtaliyanı seçməyimin digər səbəbi isə tanınmış dilçi alimlərdən ikisinin bu universitetdə çalışması oldu. Həmin professorların dilşünaslıq üzrə nəzəriyyələri Avropa və Amerikada da tədris olunur. Beləcə, qərarımı dəyişib İtaliyanı seçdim". 
 
Burada müəllimlər öz tələbələrini alim kimi yetişdirməyə çalışır
 
Deyir ki, iki ölkənin təhsil sistemi tamamilə fərqlidir: "Dilşünaslıq üzrə təhsil aldığım üçün deyə bilərəm ki, sözügedən sahə, bizdən fərqli olaraq, İtaliyada xeyli inkişaf edib. Təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş səviyyədə deyil. Azərbaycanda tətbiqi dilçilik, sadəcə, leksikoqrafiya ilə məhdudlaşır. Ən azından AMEA-nın dilçilik üzrə rəsmi səhifəsində belə görünür. Həmçinin, İtaliyada Azərbaycan universitetlərindən fərqli olaraq, dərsə davamiyyət, yəni qayıb sistemi yoxdur. Dərsə gedib-getməməyimiz şəxsi seçimdir. Daha çox özbaşına öyrənməyi sevən biri olduğum üçün bu sistem mənə rahatdır. Məni maraqlandıran sualları və müzakirə olunası məsələləri professorlarla görüşüb söhbətləşirik. Əksər hallarda kitabxanalarda oluram. Digər bir fərqli məqam isə professorların tələbələri araşdırmağa meyilləndirməsidir. Yəni müəllimlər tələbələri araşdırmağa meyilləndirir. İtaliyada dərs deyən müəllimlər öz tələbələrini alim kimi yetişdirməyə çalışırlar. Burada ən çox sevdiyim məqamlardan biri də ictimai  kitabxanaların olmasıdır. Bu kitabxanalarda tələbə kartınız vasitəsilə istədiyiniz kitabı götürüb oxuya bilərsiniz. Çox vaxt dərslərimi məhz bu kitabxanalarda oxuyuram. Bakıda olarkən dilçi alim Çomskinin əsərlərini tapmaq çox çətin idi, burda isə o və digər dilçilərin kitabları evimdən on dəqiqəlik uzaqlıqdadır".

Ailə dəyərləri İtaliyada çox yüksəkdir
 
Müsahibim italyanlar üçün ailə dəyərlərinin yüksək olduğunu söyləyir: "İki ölkənin mədəniyyət və milli dəyərlərini müqayisə etsək, bənzərliklərin olduğunu görmək olar. Bizdə "qazandığını dərmana xərcləyəsən" deyə bir qarğış var. İtaliyanın cənubunda kimsə haram pul qazanırsa, bizdəki bu qarğışı işlədirlər. Ailə dəyərləri burada da çox yüksəkdir. Ümumilikdə italyanlar mədəniyyətlərinə görə digər Avropa xalqlarından çox fərqlənir. Hətta deyərdim ki, italyanlar Qafqaz xalqlarına daha çox bənzəyirlər". 
 
Amin deyir ki, İtaliyada ingilis dilində danışanların sayı az olsa da, bu, gündəlik həyatda o qədər də ciddi problem sayılmır: "Gündəlik həyatda ingilis dilindən istifadə edənlərin sayı çox azdır. Amma ətrafımda ingilis dilində danışan dostlarım olduğu üçün böyük problem yaşamıram. Xidmət sektorunda, marketlərdə çalışanların əksəriyyəti az da olsa ingilis dilini bilir. Yəni ehtiyacınız olduqda sizə kömək edə biləcək səviyyədə ingilis dilini bilirlər".

Azərbaycan mətbəxi daha dadlıdır
 
Müsahibim İtaliya mətbəxini bir o qədər də sevmədiyini söylədi: "Adətən deyirlər ki, Azərbaycanla İtaliya mətbəxləri çox oxşardır. Amma mən öz mətbəximizi daha çox bəyənirəm. İtaliya mətbəxini demək olar ki, sevmirəm. Cürbəcür makaronlara müxtəlif pasta adları verib zəngin mətbəxləri olduğu ilə fəxr edirlər. Düşünürəm ki, bizim xəngəl italyanların bütün pastalarını döyə bilər. Onlar daha çox pasta, xəmir xörəklərini sevirlər. Ən məşhur yeməkləri də spagettidir. Məncə, Azərbaycan mətbəxi daha dadlıdır".
 
Roma və Milanla müqayisədə Sienada vəziyyət daha yaxşıdır
 
Aminlə son aylar bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı da söhbətləşdik. Virusun ən çox yayıldığı və ölüm faktının daha çox qeydə alındığı ölkələrdən biri də İtaliyadır. Çoxsaylı azərbaycanlı tələbələrin təhsil aldığı bu ölkədə də karantin rejimi tətbiq olunur. Amin deyir ki, Siena hazırda ruhlar şəhəri kimidir. Küçədə adam tapmaq olduqca çətindir. Polislər sizi görən kimi yolda saxlayıb harda yaşadığınız və hara getdiyinizlə bağlı sorğu-sual edirlər. Açığı, bizim şəhər Roma və Milan kimi şəhərlərə baxanda daha az yoluxma hadisələri ilə üz-üzədir. Çünki Siena özü balaca şəhərdir və çox vaxt dolu görünməyinin əsas səbəbi turist və tələbələrdir. Hərdən mənə elə gəlir ki, "Mən əfsanəyəm" filmində rol almışam və bu həngamədə, bircə, sadiq itim çatmır. Lakin ümid edirəm ki, tez zamanda hər şey öz yoluna düşəcək. İnsanlar qoyulan qaydalara nə qədər çox əməl etsə, bir o qədər də öz normal həyatımıza tez qayıda bilərik".
 
Gənc magistrant söylədi ki, Azərbaycana qayıtmaq fikri yoxdur: "Əslində karantin elə də ciddi çətinlik kimi gəlmir. Boş vaxtımız çox olur. Çalışıram ki, dostlarıma daha çox vaxt ayırım. Bununla yanaşı, bu müddəti dərslərimlə məşğul olmaq üçün yaxşı imkan kimi qiymətləndirirəm. Mənim olduğum şəhər ölkənin mərkəzində, bir qədər hündürdə yerləşir. Şimal hissədə virusa yoluxanların sayı bura nisbətən daha çoxdur.  Təhlükənin bu tərəflərə yayılmaması üçün karantin elan olunub. Tələbələr arasında bir neçə şübhəli var idi. Xoşbəxtlikdən onların da nəticəsi neqativ çıxdı. Azərbaycanın İtaliyadakı səfirliyi burada təhsil alan tələbələrə sosial media vasitəsilə müraciət etmişdi. Amma yüksək ehtimalla, Azərbaycana qayıtmayacağam. Çünki düşünürəm ki, karantin bitdikdən sonra imtahanlarımı verməliyəm. Pandemiya həm də bir neçə planımın təxirə düşməsinə səbəb oldu. Belə ki, uşaq dil inkişafı ilə bağlı Moskvada konfransa qatılmalı idim. Həmçinin, tətbiqi dilçiliklə bağlı Romada başqa tədbirdə iştirak etmək istəyirdim. Karantinə görə bu planlarım təxirə düşdü. Məqsədim imtahanlarımı qısa müddətdə verib doktorantura təhsilinə yönəlməkdir".

Milli.Az


Etiketlər:  İtaliyanın cənubunda kimsə haram pul qazanırsa bizdəki bu qarğışı işlədirlər


RƏYLƏR