Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 20:51
On bir ayın Sultanı hesab edilən Ramazan ayı hər zaman xoş ab-havası ilə seçilir, öz dəyərləri ilə bəzi xəstəliklərdən əziyyət çəkənlər üçün mənəvi güc dövrü sayılır. İnanclıların mübarək ay qəbul etdikləri Ramazan ayı həm də meditasiya aparmaq üçün ideal dövrdür. Lakin onkoloji xəstəlikləri olanlar oruc tutmaqla bağlı məsələlərdə daha diqqətli olmalıdırlar.
Sonxeber.net bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasının assistenti Günel Qəmbərova bununla bağlı bəzi məqamları açıqlayıb.
G.Qəmbərovanın sözlərinə görə, onkoloji xəstələrin müalicəsi və sağalmasında su və qida qəbulunun qaydaları böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər: "Xəstəliyin aktiv dövründə - kimya və şüa terapiyaları alan dövrdə xəstələr daha diqqətli olmalıdırlar. Həmin dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diarreya və qəbizlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür".
Radioloq qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı, qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.
"Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, əvvəlcə həkimlə məsləhətləşməlidirlər. "Daha yaxşıyam, sağalmışam" deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmaq olmaz. Onlar unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərarı verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Həmin incəlikləri isə xəstələr özləri yox, onların həkimləri daha dəqiq bilirlər", - deyə mütəxəssis bildirib.
G.Qəmbərova həkim məsləhətinə etinasız yanaşmamağı, əvvəlcə sağlamlığa diqqət yetirməyi tövsiyə edir. Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan xəstələrin hamısına sağlam qalmaq üçün məsləhət verirlər.